Sorosun proqnozu təsdiqlənir: Britaniya Avropa İttifaqından çıxa bilər
"Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması həm İrlandiya Respublikası, həm də Şimali İrlandiyaya güclü zərər vuracaq". APA TV-nin məlumatına görə, bunu İrlandiyanın baş naziri Enda Kenni həmkarı Devid Kemeronla görüşü zamanı bildirib.
"Birləşmiş Krallıq İrlandiyanın əsas ticarət tərəfdaşıdır. Bu baxımdan da gömrük sərhədlərinin bərpa edilməsinin mövcud vəziyyəti daha da qəlizləşdirəcəyini düşünürük. Avropa İngiltərə ilə birgə olduğu zaman güclüdür. Bu, həm Avropanın özü və İngiltərə, həm də İrlandiya üçün həyati vacib məsələdir" - deyə o qeyd edib.
İngiltərənin baş naziri Devid Kemeron da açıqlamalarla çıxış edib. O bildirib ki, hazırkı vəziyyətdə İngiltərə üçün pozitiv imkanların yaranmasına diqqət yetirmək lazımdır: "Bizim yarım milyard istehlakçının olduğu, dünya iqtisadiyyatının bir parçası sayılan və ən nəhayət, oyunun qaydalarına əhəmiyyətli dərəcədə təsir göstərən vahid bir bazarın tərkib hissəsi olmağımızın üstünlüklərini təsəvvür edin".
Kemeron dəfələrlə Avropa İttifaqının tərkibində yalnız müəyyən şərtlərlə qala biləcəklərini açıqlayıb. Lakin onun irəli sürdüyü şərtlərlə kontinent üzvlərinin heç də hamısı razılaşmır. Krallığın qurumdan çıxması ilə bağlı referendumun növbəti ilin sonunadək keçirilməsi nəzərdə tutulur.