Qar Ağsu aşırımında nəqliyyatın hərəkətində çətinliklər yaratdı

Ağsu, Şamaxı, Qəbələ, Göyçay və İsmayıllı rayonlarına yağan güclü qar nəticəsində Şamaxı-Ağsu və Muğanlı-İsmayıllı-Qəbələ, Göyçay-İvanovka-İsmayıllı yolunun bəzi yerlərində nəqliyyatın hərəkətində çətinlik yaranıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, yanvarın 25-də axşam saatlarından başlayaraq bu rayonlara yağan qar hal-hazırda davam edir.

 

Ağsu, İsmayıllı, Qəbələ və Şamaxının dağ kəndlərində, Ağsu aşırımında, Muğanlı-İsmayıllı-Qəbələ, Şamaxı-Pirqulu, İsmayıllı-Lahıc yolunun bəzi yerlərində yollar qarla örtülüb, buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib. Hal-hazırda qar yağır və çox az sayda avtomobil bu yollarda hərəkət edir.

 

Bu rayonların aran hissəsinə 10-15 santimetr, dağlıq ərazisinə isə 20-25 santimetr hündürlüyündə qar yağıb. Ağsu aşırımında və Muğanlı-İsmayıllı yolundakı dolaylarda nəqliyyatın hərəkətinin məhdudlaşmaması üçün ağır texnikalar və yol istismar idarələrinin kollektivi əraziyə cəlb olunub. Gecə səhərədək və hal-hazırda yolların təmizlənməsi üçün işlər görülür. Xüsusi təyinatlı avtomobillərlə gün ərzində bir neçə dəfə yola qum, duz və xırda daş səpilir. Dolaylarda yolun hərəkət hissəsi qar və buzdan təmizlənir, avtomobillərin intensiv hərəkəti təmin olunur. Yol polisi əməkdaşları nəqliyyatın hərəkətini tənzimləyir, qar və buz səbəbindən yolda qalan avtomobillərin sürücülərinə köməklik edirlər. Çox az sayda avtomobil bu yollardan istifadə edir. Ağsu aşırımının bəzi dolayları hərəkət üçün təhlükəli olduğuna sürücülər alternativ olaraq Bakı-Kürdəmir-Ağsu, Ucar-Göyçay yollarından istifadə edirlər.

Müəllif | Apa.Tv
Elvin Yaqubov