Lənkəranda 40 yaşlı “morj” soyuq dənizdə belə çimir - VİDEO

Rameş Mustafayevin 40 yaşı var, Lənkəran rayonunun Gərmətük qəsəbəsində yaşayır. APA TV-nin cənub bürosunun məlumatına görə, Rameş qışın sərt şaxtasına, sazağına baxmayaraq, hər gün Xəzər dənizində çimir.

 

Lənkəranda dəniz “morj”u kimi tanınan Rameş bu qeyri-adi vərdişə atası Qüvvət kişinin sayəsində yiyələndiyini bildirir: "Atam balıqçı olub, gün-güzəranı həmişə dənizdə keçib. Məndə də dənizə məhəbbəti aşılayan o olub. 10 yaşımdan atam məni yanında gəzdirərək dənizə gətirib. Özü də qışda dənizdə çimirdi, idmanla məşğul olurdu. Mən də onun hərəkətlərini görüb-götürüb təkrarlayırdım".

 

Rameş Mustafayevin sözlərinə görə, 17 yaşından dənizi özünə sirdaş seçib. Hər gün bir qayda olaraq mavi Xəzərin sularına baş vurmasa, özündə rahatlıq tapmır.

 

Maraqlıdır ki, Rameş ömründə bir dəfə də olsun, xəstələnməyib: "Qışda dənizdə çimməyin heç bir təhlükəsi yoxdur. Bədənim artıq soyuq suya öyrəşib. Atamın 65 yaşı var, 50 ildir bu dənizdə soyuq suda çimir. Amma indiyəcən ona iynə-filan dəyməyib".

 

Müəllif | Apa.Tv