DSMF: Bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək
Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 2015-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2016-cı ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək.
APA TV-nin xəbərinə görə, bu barədə DSMF sədrinin müavini Zakir Babayev bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanıb: "2015-ci ildə Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər nəticəsində inflyasiyanın aşağı səviyyədə saxlanılması təmin olunub, istehlak qiymətlərinin 4%-lik indeksi qeydə alınıb. Sərəncama əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə hər ay təqribən 3,24 milyon manat, il ərzində isə 38,9 milyon manat əlavə vəsait yönəldiləcək. Əmək pensiyalarının sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 95%-nə şamil olunacaq. Əmək pensiyalarının sığorta hissəsinin və fərdi hesablarda qeydə alınan pensiya kapitallarının indeksləşdirilmə artımı avtomatlaşmış qaydada icra ediləcək. Fevral ayının pensiyalarının ödənişi onların baza və sığorta hissələrinin artımları ilə birlikdə həyata keçiriləcək".
Zakir Babayev prezident İlham Əliyevin imzaladığı “Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında” 25 yanvar 2016-cı il tarixli sərəncamın əhəmiyyətindən bəhs edib. Bildirib ki, sərəncama əsasən 2016-cı il fevralın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 40 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 25 manat miqdarında müəyyən edilib. İl ərzində üç yaşadək uşağa qulluğa görə müavinət alanların sayı təxminən 48 min nəfərdir ki, bu kateqoriyadan olanların müavinətinin artımının maliyyələşdirilməsi üçün il ərzində 3,5 milyon manat əlavə vəsait yönəldiləcək.