Prezident: “Dövlət məmurları xalqla bir yerdə olmalı, yekəxanalıq etməməlidir”

"Azərbaycanda ictimai-siyasi sabitlik qorunur, təmin edilir. Bunun başlıca səbəbi xalq-iqtidar birliyidir”. Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

 

Prezident bildirib ki, dövlətin yürütdüyü siyasət Azərbaycan xalqının maraqlarını müdafiə edir:

 

“Çünki bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını müdafiə edir. Mənim üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür. Bütün gördüyümüz işlərin mahiyyəti və məqsədi ondan ibarətdir ki, daha da güclü dövlət yaradaq, xalqımız üçün daha da yaxşı şərait yaradaq ki, Azərbaycan xalqı rifah içində, təhlükəsizlik şəraitində yaşasın və inkişaf etsin".

 

Dövlət başçısı yeni iş yerlərinin yaradılmasının vacibliyi vurğulayıb:

 

"İş yerlərinin yaradılması ilə məşğul olmalıyıq.  Əlbəttə biz fəxr edirik ki, qısa müddət ərzində bir milyon daimi iş yeri açılıb. Ancaq əhali də artır. Ona görə hansı sahələrdə iş yerləri yaradılmalıdır, bu barədə düşünməliyik. Bizim əmək resurslarımız kifayət qədər böyükdür. Həmişə belə olub. Sovet dövründə də belə olub. Bu gün də belədir. Ona görə bu, çox ciddi məsələdir. Mən çox şadam ki, əhali artır. Mən bunun ən böyük bəlkə də tərəfdarıyam. Ancaq iqtisadiyyat, infrastruktur, iş yerləri buna uyğun şəkildə artmalıdır. Ona görə hökumət bu məsələlərlə bağlı ciddi işləməlidir, konkret uzunmüddətli plan tərtib edilməlidir ki, əmək resurslarının işlə təmin edilməsi üçün hansısa addımlar atılsın”.

 

Prezident bəyan edib ki, 2016-cı il yol verilən qüsurların aradan qaldırılması istiqamətində həlledici il olacaq:

 

"Qüsurlar var. Onlar aradan götürülür, götürülməlidir. 2016-cı il bu istiqamətdə həlledici rol oynayacaq. 2016-cı ildə biz bütün maliyyə-iqtisadi sistemimizi inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən təşkil etməliyik. Burada əlbəttə ki uçot və statistika xüsusi yer tutur. Bizim statistikamız da aparıcı ölkələrin statistikasına xas olan bütün əlamətləri özündə ehtiva etməlidir".

 

Dövlət başçısı işində qüsurlara yol verən məmurlara ciddi xəbərdarlıq edib:

 

"Dövlət məmurları xalqla bir yerdə olmalıdırlar. Mən həmişə demişəm - hər bir dövlət məmuru, o cümlədən prezident xalqın xidmətçisidir. Xalq bizə etibar edib, biz bu etibarı,  inamı hər gün doğrultmalıyıq. Dövlət məmurları özlərini təvazökar aparmalıdır, təkcə özləri deyil, həmçinin onların ailə üzvləri də. Xalqla bir yerdə olmalı, yekəxanalıq etməməlidir. Hesab etməməlidirlər ki, onların hansısa xüsusi statusu var. Onların statusu insanlara xidmət etmək, insanların problemlərini həll etmək, onlara qayğı göstərmək, insanları incitməməkdir. Əksinə insanlara qayğı, diqqət göstərməlidirlər və kömək etməlidirlər"

 

Prezident Azərbaycanın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib, müstəqillik yolunda xalqımıza uğurlar arzulayıb. 

Müəllif | Apa.Tv
Apa.tv