Bakıda “Beynəlxalq ticarət sövdələşmələri və sənədləşmə” mövzusunda seminar keçirilir
Bu gün Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Beynəlxalq ticarət sövdələşmələri və sənədləşmə” mövzusunda seminar işə başlayıb.
APA TV-nin xəbərinə görə, tədbirin açılışında çıxış edən Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisinin rəhbəri Roger Herman rəhbərlik etdiyin ofisin fəaliyyəti barədə qısa məlumat verib və seminarın əhəmiyyətindən bəhs edib.
Seminarda çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev iştirakçıları salamlayaraq, tədbirin Beynəlxalq Gömrük gününə təsadüf etməsinin xoş bir hal olduğunu qeyd edib. Səfər Mehdiyev Ulu öndər Heydər Əliyevin, prezident İlham Əliyevin elmə, təhsilə verdikləri önəmdən bəhs edərək Azərbaycan gömrüyünün də gömrük işinin təşkili sahəsində elmi biliklərin tətbiqi ilə bağlı mühüm addımlar atdığını vurğulayıb.
Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin katibi Mixail Kaşubski təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Seminarın önəmindən bəhs edən Mixail Kaşubski bu tədbirin birinci olmaqla yanaşı, davamlı xarakter daşıyacağına əminliyini ifadə edib.
Daha sonra Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.
Azərbaycan Dövlət Gömrük Komitəsi və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi tərəfindən təşkil olunan seminarda Dövlət Gömrük Komitəsinin Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Ali Neft Məktəbinin tələbələri iştirak edir.
Xatırladaq ki, seminar yanvarın 28-dək davam edəcək.