Güclü qar Zaqatalanın 14 kəndini işıqsız qoydu
Azərbaycanın şimal-qərb bölgəsinə yağan qar bir sıra fəsadlar törədib.
APA TV-nin məlumatına görə, yanvarın 24-ü axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsinə fasiləsiz qar yağır. Qarın qalınlığı düzənlik ərazilərdə 40-50 sm, dağlıq və dağətəyi ərazilərdə isə 60-70 sm-ə çatıb.
Yağan qar nəticəsində yollarda gediş-gəliş çətinləşib, bəzi yollar buz bağlayıb. Elektrik naqillərində qısaqapanma, bir sıra ərazilərdə isə naqillərin qırılması halları müşahidə olunur.
Zaqatala rayon Paylayıcı Elektrik Şəbəkəsindən bildirilib ki, səhər saatlarında rayon mərkəzinin bir hissəsinə və 14 yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hazırda şəbəkənin əməkdaşları ərazilərdə baş vermiş qəzaların aradan qaldırılması istiqamətində iş aparır, günün sonuna kimi rayon ərazisinə elektrik enerjisinin verilməsi tam bərpa ediləcək.
Bölgənin digər rayonlarının İcra Hakimiyyəti aparatlarından APA TV-yə bildirilib ki, aidiyyəti qurumlar yolları qardan təmizləyir və elektrik enerjisinin verilişində problemlər yaranmış kəndlərdə bərpa işləri davam etdirir.