"Exit-poll" keçirəcək daha 3 təşkilat müəyyənləşdi

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda “exit-poll” keçirmək istəyən 3 təşkilatın müraciətinə baxılıb. APA TV-nin məlumatına görə, MSK sədrinin müavini Natiq Məmmədov prezident seçkilərində “RƏY” Monitorinq Mərkəzi, “Proqnoz” Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzi və “Konstitusiya” Araşdırmaları Fondunun “exit-poll” keçirilməklə bağlı müraciətləri haqqında məlumat verib. O bildirib ki, “exit-poll” keçirmək üçün müraciət etmiş qurumların bu funksiyanı həyata keçirməsində heç bir problem yoxdur. MSK açıq səsvermə yolu ilə hər üç təşkilatın müraciətini qəbul edib.

 

Daha sonra Cəmil Həsənlinin MSK-dakı səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı tərəfindən komissiyaya daxil olan müraciətə baxılıb. Müraciətdə deyilir ki, Azərbaycan telekanalları Seçki Məcəlləsinin tələblərini pozaraq, prezidentliyə namizədlərin təbliğatını aparır. MSK katibi Arifə Muxtarova bildirib ki, müraciət seçki mütəxəssisləri tərəfindən araşdırılıb və heç bir nöqsan aşkar olunmadığı üçün ərizə geri qaytarılıb.

 

İclasda Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi və vəkil edilmiş şəxslər qeydə alınıb.

 

Müəllif | Apa.Tv