Prezident İlham Əliyev jurnalistlərin dostu seçildi

Azərbaycan prezidenti İlham Əliyev yenidən jurnalistlərin dostu seçilib.  «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi «Jurnalistlərin dostu» mükafatı laureatının kimliyini müəyyənləşdirmək üçün qəzetlər, informasiya agentlikləri, jurnallar, jurnalist təşkilatları və internet media resursları arasında sorğu keçirib.

 

Ümumilikdə 100 respondent media qurumunu əhatə edən sorğuda rəyi soruşulanlara bir sual ünvanlanıb: «Hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz?»

 

APA Tv-nin məlumatına görə, sorğu anketinə üç şəxsin adını yazmaq imkanı olub. Rəyi soruşulanların yalnız 20 faizi sualı cavablandırarkən birdən artıq şəxsin adını qeyd edib. Sorğuda iştirak edənlərin böyük əksəriyyətinin fikrincə, jurnalistlərin dostu ölkə prezidenti İlham Əliyevdir. Sorğu anketlərində dövlət başçısına verilən səslər ümumi səslərin 89 faizini təşkil edib.

 

Qurumun «Jurnalistlərin dostu» mükafatının təsis olunmasında məqsəd cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, media ilə dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin və siyasi partiyaların əlaqələrinin möhkəmləndirilməsinə kömək göstərmək, kütləvi informasiya vasitələrinə qayğı ənənələrini stimullaşdırmaqdır. Azərbaycan vətəndaşı olan, ölkədə kütləvi informasiya vasitələrinin inkişafında müstəsna xidmətləri ilə seçilən ictimai-siyasi xadimlər, vəzifəli şəxslər mükafatın laureatı ola bilərlər.

 

 

Müəllif | Apa.Tv