Qəbiristanlıqdan narkotik toplayan şəxs: "Elə bildim ki, seyidin qəbridir..."
Şəmkirdə narkotik vasitə saxlayan şəxs saxlanılıb.
APA TV-nin qərb bürosunun xəbərinə görə, Şəmkir Rayon Polis Şöbəsinə Gəncə şəhər sakini, 61 yaşlı Müzadil Cəfərovun Dəllər-Cəyir kəndi ərazisində narkotik vasitə saxlaması barədə məlumat daxil olub.
Müstəntiq Aysel Həsənovanın sözlərinə görə, dərhal əməliyyat tədbirlərinə başlayan polis Müzadil Cəfərovun xeyli miqdarda qurudulmuş marixuananı yaşadığı Gəncə şəhərinə aparmaq istəyərkən saxlanılıb: "Gəncə şəhər sakini Cəfərov Müzadil İsax oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu bilinərək şöbəyə gətirilib. Şöbədə onun üzərinə baxış keçirilən zaman əlində olan sellofan torbadan narkotik vasitə olan qurudulmuş marixuana müyən edilərək götürülüb".
Əvvəllər də narkotik vasitə saxladığı üçün məhkumluq həyatı yaşayan və cəmi 7 ay əvvəl azadlığa çıxan Müzadil Cəfərov əməlinə özünəməxsus şəkildə haqq qazandırmağa çalışıb. O bildirib ki, qəbiristanlığa narkotik tərkibli bitkilər toplamaq üçün deyil, tanımadığı şəxslərin məzarlarını alaq otlarından təmizləmək üçün gəlib: "Qəbiristanlığın yanından keçəndə gördüm ki, bir neçə qəbrin yaxınlığında quru otlar var. Mənə elə gəldi ki, bu seyidin qəbridir. Dinc durammadım, onları topladım".
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.