Məşğulluq Konsepsiyası layihəsini hazırlayan işçi qrupun iclası keçirildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası" layihəsinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun iclası keçirilib.
APA TV-nin xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Konsepsiya layihəsinin hazırlanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə aidiyyəti dövlət orqanlarının, Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət işçi qrup yaradılıb.
İşçi qrupda ümumilikdə 21 aidiyyəti dövlət orqanı və sosial tərəfdaşlar təmsil olunur. 2016-2025-ci illəri əhatə edəcək Konsepsiya layihəsinin 3 ay müddətində hazırlanması nəzərdə tutulub: "Artıq ilk təqdimatlar bu gün başladı. “Layihədə mövcud makroiqtisadi vəziyyətin və əmək bazarının təhlili, gələcək inkişaf perspektivləri və meylləri, qarşıda duran əsas çağırışlar və problemlər, növbəti illər üçün məşğulluq siyasətinin əsas məqsəd və vəzifələri, əmək bazarında tələb və təklif arasında tarazlığın təmin edilməsi üzrə zəruri addımlar və s. əksini tapacaq".
Nazir əlavə edib ki, Azərbaycanda müsbət demoqrafik amillərin təsiri nəticəsində ölkə əhalisi artmaqda davam edir. Onun sözlərinə görə, bu, demoqrafik yükün iqtisadiyyata düşən təsirinin çoxalması deməkdir: "Bu müsbət demoqrafik tendensiya gələcəkdə yeni iş yerlərinin artırılmasını əsas vəzifələrdən biri kimi müəyyən edir. Əgər iqtisadiyyatın normal inkişafı nəticəsində müvafiq sayda iş yerləri açılacaqsa və həmin iş yerlərinin daxildə formalaşdırılacaq insan resursları hesabına təminatı həyata keçiriləcəksə, deməli, bu problem öz həllini tapacaq".
Daha sonra işçi qrupun qarşısında duran vəzifələr və fəaliyyət planı barədə iclas iştirakçılarına məlumat verilib. Müvafiq statistik rəqəmlər təhlil edilməklə hazırlanacaq Konsepsiyanın fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, Azərbaycanda təbii kapitalın insan kapitalına yönləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb.