Gəncədə dəm qazından zəhərlənmə əleyhinə reyd keçirildi
Gəncədə dəm qazından zəhərlənmə hallarının qarşısını almaq üçün reydlərə başlanılıb.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalovun APA TV-nın qərb bürosuna verdiyi məlumata görə, icra hakimiyyəti Aparatının təşəbbüsü ilə təşkil olunan reydlərdə şəhərin Qaz İstismar xidməti, Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi və FHN-in Gəncə Regional Bölməsinin əməkdaşları da iştirak edib.
Onun sözlərinə görə, şəhərin hündürmərtəbəli binalarında keçirilən reyd zamanı 50-dən artıq mənzildə standartlara cavab verməyən qaz sobalarının hava şaxtalarına qoşulması hallarına rast gəlinib: "Belə hallara aşkarlandıqda, bunlar dərhal sökülür və bu kimi halların qarşısı alınır. Bütün şəhər əhalisini belə hallara yol verməməyə çağırırıq".
Aidiyyəti qurumların əməkdaşları belə sobaları istifadədən ayırıblar. Vətəndaşlarla söhbətlər aparılıb, belə halların həm insan həyatı, həm də ətraf mühit üçün zərərli olması barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, tüstü bacaları rübdə bir dəfə, istilik cihazları isə ildə bir dəfə qış mövsümündən öncə təmizlənməlidir. Abonentlərə qaz sızması əleyhinə detektorlar quraşdırılmasının vacibliyi bildirilib. Detektor problem olanda qazın yolunu bağlayır və yanmamış karbohidrogen olanda reaksiya verərək siqnal çalır. Bu kimi reydlərin bundan sonrada davam etdiriləcəyi bildirilib.