Yaqub Eyyubov Mingəçevirdə sahibkarlarla görüşdü
Baş nazirin müavini Yaqub Eyyubov yanvarın 28-də Mingəçevir şəhərində ictimaiyyət nümayəndələri, sahibkarlar, təhsil işçiləri, gənclər və ziyalılarla görüşüb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, tədbirdə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək görülən işlərlə yanaşı, həllini gözləyən bəzi problemlərin mövcud olduğunu bildirib və həmin məsələlərin həlli yollarının müzakirəsi üçün bu tədbirin səmərəli olduğunu qeyd edib.
“Mingəçevir İzolit” ASC-nin sədri İsmayıl Məmmədov, “Mingəçevir Texniki-Rezin” ASC-nin sədri Vaqif Əsədov prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq işlərində dönüş yaratmağa çalışdıqlarını, yerli bazar üçün rəqabət qabiliyyətli daha çox çeşidli məhsullar istehsal etməyi və işçilərin sayını artırmağı qarşıya məqsəd qoyduqlarını bildiriblər. Sahibkarlar keçmiş sovet dövründə Mingəçevirdə mövcud olan iri sənaye müəssisələrindən hazırda bir neçəsinin xırda istehsal sexi səviyyəsində fəaliyyət göstərdiyini bildiriblər. Onlar yerli və xarici bazar üçün rəqabət qabiliyyətli məhsullar istehsal etmək gücünə malik olduqlarını, bunun üçün Mingəçevirdə kadr potensialının olduğunu, lakin müəyyən maliyyə çatışmazlıqları ilə üzləşdiklərini və idxalın təsiri səbəbindən məhsulun satışı üçün yerli alıcılıq qabiliyyətinin aşağı olduğunu bildiriblər.
Baş nazirin müavini Yaqub Eyyubov prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mingəçevirlilərin görüşünə gəldiyini bildirib. O, Mingəçevirdə problemlərin aradan qaldırılması və şəhərin daha da inkişafı ilə bağlı sahibkarların və ictimaiyyət nümayəndələrinin bütün müraciət və təkliflərini dinləyərək qeydiyyata aldığını və onların həllinə köməklik göstəriləcəyini bildirib.