Samir Şərifov: "Azərbaycanın 4 milyard dollarlıq yardım paketi almasından söhbət gedə bilməz"
"Azərbaycanın Beynəlxalq Valyuta Fondu və Dünya Bankından ümumilikdə 4 milyard dollarlıq təcili yardım paketi almasından söhbət gedə bilməz". APA TV-nin xəbərinə görə, bu barədə bu gün keçirilən mətbuat konfransında maliyyə naziri Samir Şərifov deyib.
"Nazirlik beynəlxalq maliyyə institutları ilə yardım məsələlərini müzakirə edir, bank sektoru ilə bağlı vacib qərarlar qəbul edilir. Biz xarici dövlətlərə özümüz borc veririk. Kimsə bunu başqa cür şərh edirsə, mən bunu onların etikalarına buraxıram. Azərbaycanın Beynəlxalq Valyuta Fondunda iştirakı ona görədir ki, istədiyimiz vaxt üzv kimi fonda müraciət edək. Bir daha qeyd edirəm ki, hər hansı yardım paketindən söhbət gedə bilməz" - deyən nazir bildirib ki, 2015-ci ilin yekunlarına görə, 1,4 mlrd. manat xəzinə qalığı yaranıb. Onun sözlərinə görə, dünya iqtisadiyyatında baş verən prosesləri, 2014-cü ildə neftin ucuzlaşmağa başlaması və 2015-ci ildə də davam etdiyini nəzərə alaraq neftin büdcə xərclərində bəzi ixtisarların edilməsinə başlanılıb: “Bu addımların atılması nəticəsində Azərbaycan Dövlət Neft Fondunun xarici valyuta ehtiyatlarının 2,2 milyard ABŞ dolları məbləğində qənaətinə nail olmuşuq. 2015-ci ilin təsdiq olunmuş büdcəsində 1,7 milyard manatlıq kəsir əvəzinə yalnız 633 milyon manat səviyyəsində kəsirlə icra olunub. Yəni büdcənin xərclər hissəsində 1,1 milyard manata qənaət edilib. Bu vəsaitin 2016-cı ildə istifadə edilməsini nəzərdə tuturuq".
Nazir əlavə edib ki, Maliyyə Nazirliyinin bazara istiqraz buraxması təkcə dövlət büdcəsi kəsirinin bağlanması ilə bağlı deyil. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum əvvəllər, yəni dövlət büdcəsi kəsiri olmayanda da bazara istiqraz buraxıb: "Burada məqsəd müəyyən bazar alətlərini yaratmaqdır. Məqsəd odur ki, banklar, sığorta şirkətləri öz vəsaitlərini yerləşdirə bilsinlər, banklar həmin istiqrazları girov kimi istifadə edərək borc ala bilsin. İstiqrazlarımızın bazara çıxarılması yaranmış vəziyyətlə də bağlıdır. Bilirsiniz ki, 2015-ci ildə manatın ucuzlaşması ilə bağlı milli valyutaya etimad azalıb. Nəticə etibarilə manatın satılması və xarici valyutanın alınması meylini müşahidə etdik. Bu səbəbdən dövriyyədə manat kütləsi kəskin azalıb, banklardan manat əldə etmək müşkülə çevrilib. Çünki bankların aktivləri ABŞ dollarındadır. Bazara dövlət istiqrazlarının buraxılması manata etimadın bərpası məqsədini daşıyır. Buna görə biz bazara manat istiqrazının buraxılması qərarına gəldik. Biz manat istiqrazları üzrə kifayət qədər yüksək səviyyədə faiz təklif etməyi qərara aldıq. Əhali banklardan ehtiyatlanırsa, buyursunlar, vəsaitlərini dövlət istiqrazlarına yatırsınlar".
Samir Şərifov deyib ki, 2016-cı ilin yenidən baxılmış büdcəsində gəlir və xərclər hissəsi 2 milyard manat artırılıb. Nazirin sözlərinə görə, 2016-cı ilin təsdiq olunmuş büdcəsində büdcə gəlirləri 14,5 milyard manat nəzərdə tutulmuşdusa, dürüstləşmiş büdcədə gəlirlər 16,5 mlrd. manat səviyyəsində nəzərdə tutulub. Samir Şərifov qeyd edib ki, gəlirlərə mütənasib olaraq xərclər də 2 milyard manat artırılıb. Başqa sözlə, 2016-cı ilin təsdiqlənmiş büdcədə xərclər 16,2 milyard manat nəzərdə tutulmuşdusa, dürüstləşmədən sonra xərclər 18,3 milyard manat planlaşdırılır: "Dürüstləşmədən sonra 2016-cı ilin dövlət büdcəsində 1,7 milyard manatlıq kəsir yaranacağı gözlənilir. Biz bu kəsirin örtülməsi imkanlarını tapmalıyıq. 2015-ci ilin dövlət büdcəsinin icrası zamanı vahid xəzinə qalığı 1,4 milyard manat məbləğində olub. Bu vəsaiti bu ilin dövlət büdcəsi kəsirinin örtülməsinə yönəldirik. Eyni zamanda bu ilin dövlət büdcəsinin kəsiri dövlət borc kağızları, özəlləşdirmədən mədaxil və xarici qrantlar hesabına örtüləcək".
Qeyd edək ki, yenilənmiş büdcədə neftin 1 barelinin baza qiyməti 25 dollardan götürülüb.