Ramil Usubov: "Onlar bilməlidirlər ki..."

Azərbaycanda prezident seçkilərinin təşviqat mərhələsi normal qaydada keçir. APA TV-nin məlumatına görə, bunu daxili işlər naziri Ramil Usubov dövlət televiziyasına müsahibəsində deyib. Nazir bildirib ki, prezidenliyə namizədlərin həm açıq, həm də qapalı görüşlər, mitinqlər keçirməsi üçün yerlər ayrılıb. Bu tədbirlər zamanı asayişin qorunması daxili işlər orqanları tərəfindən təmin edilir: "Bəziləri, Milli Şuranın üzvləri və onu dəstəkləyən insanlar düşünürlər ki, seçki öncəsi nümayişlərlə, mitinqlərlə müşayiət olunsa, polis-vətəndaş qarşıdurması, toqquşmalar yaransa, bu, daha demokratikdir, seçki ab-havasına daha uyğundur. Hesab edirəm ki, bu, kökündən yanlış fikirdir, Azərbaycanın daxilində sabitliyi pozmağa olan cəhdlərdir. Onlar bilməlidirlər ki, belə cəhdlərin hamısının qarşısı alınıb, alınacaq. Özü də bu, təkcə dövlətin güc strukturlarının vasitəsi ilə yox, Azərbaycan xalqının hesabına belə halların qarşısı alınıb və bundan sonra da alınacaq".

 

Nazir Ramil Usubovun sözlərinə görə, Azərbaycan xalqının tam əksəriyyəti ölkədə sabitliyin, inkişafın tərəfdarıdır. "Azərbaycanda xaos yaratmaq istəyənlər azlıq təşkil edir", - deyən daxili işlər naziri belə adamları da qanuna dəvət edib.

 

Ramil Usubov prezidentliyə namizədlərin təşviqat plakatlarının cırılması ilə bağlı iddialara da münasibət bildirib: "Bəzən belə şeylər edirlər. Kiminsə kimdənsə xoşu gəlmir. Bunun sivil yolu var. Get seçki məntəqəsində istədiyin adama səs ver, onunla da məsələ bitsin. Amma görürsən ki, gəncdir, yaxud başa düşmür, yaxud da öyrədilmiş adamdır, gedir namizədlərdən kiminsə şəklini cırır. Belə olanda təbii ki, polis bunun qarşısını alır. İstər iqtidar nümayəndəsinin şəkli olsun, istər müxalifət nümayəndəsinin şəkli olsun, bu halların qarşısı alınıb, alınacaq".

 

Seçki gününə gəlincə, Ramil Usubov qeyd edib ki, polis əməkdaşlarının vəzifəsi seçki məntəqələrindən 100 metr kənarda asayişə nəzarət, təhlükəsizliyi təmin etməkdir. Yalnız məntəqə rəhbərliyinin müraciəti olarsa, polis naryadı ora yaxınlaşmalı, asayişi təmin etdikdən dərhal sonra məntəqəni tərk etməlidir. Daxili işlər naziri məlumat verib ki, seçkidə təhlükəsizliyin təmin edilməsinə 15 mindən artıq polis əməkdaşı cəlb edilib.

 

Ramil Usubov vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi prosesindən də danışıb. O deyib ki, bu prosesə ilin əvvəlindən başlanılıb: "Çox as sayda, yəni, 10-15 min adam qalıb ki, sənədlərini almayıblar. Biz hətta səyyar qruplar da yaratmışıq ki, ucqar kəndlərdə polisə gələ bilməyənlər sənəd ala bilsinlər. Bundan başqa, dövlətimiz ASAN xidmət deyilən mobil qrup da yaradıb ki, onlar da bu xidməti göstərirlər".

 

Daxili işlər naziri bir daha xatırladıb ki, polis seçki dövründə asayişi tam təmin edəcək, insanlar sərbəst və təhlükəsiz şəkildə istədikləri namizədə səs verə biləcəklər.

 

 

Müəllif | Apa.Tv