SOCAR: Media Qiymət Mehdiyevin aldığı villanı dəyərini bilərəkdən 300 dəfə şişirdib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Qiymət Mehdiyev barədə KİV-də yayılan məlumatların araşdırılmasına dair bəyanat yayıb. SOCAR-dan "APA-Economics"ə daxil olan bəyanatda deyilir ki, KİV-də SOCAR-ın Baş ofisinin Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevin həyat yoldaşı K. Mehdiyevanın Türkiyənin Bodrum şəhərinin Gökçebel məhəlləsində dəyəri 20 milyon ABŞ dolları təşkil edən 16 ədəd villanın mülkiyyətçisi kimi təqdim edilməsi barədə yayılan məlumatlar SOCAR-ın Risklərin İdarəedilməsi Komitəsi (Komitə) tərəfindən araşdırılıb və “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Korrupsiya ilə mübarizə və şəffaflığın artırılması” üzrə standartlarının tələblərinə uyğun qaydada müvafiq qərar qəbul edilib.

 

Komitənin qərarına əsasən, SOCAR-ın Biznes Etika Məcəlləsinin şirkətin əməkdaşları üçün müəyyən etdiyi hər hansı normasının pozulması halları aşkar edilməyib. Risklərin İdarəedilməsi Komitəsinin qərarını nəzərə alaraq SOCAR, bəzi KİV-də öz işgüzar nüfuzuna qarşı yönəlmiş bu məlumatların müəlliflərini, eləcə də KİV-i bu sahədə mövcud qanunvericiliyin tələblərini və jurnalistika etikasını pozmamağa, əsassız və yoxlanılmamış məlumatları yaymamağa, xüsusilə də Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş anlayışları səhv tövsif etməklə ictimaiyyətdə yanlış təsəvvürün yaradılmasına gətirib çıxaran hərəkətlərə yol verməməyə çağırıb. Belə ki, Qiymət Mehdiyevin “dövlət məmuru” anlayışının altına salınması, onun dövlət orqanında çalışması haqqında yanlış təsəvvür yaradılması, aldığı əmlakın dəyərinin bilərəkdən 300 dəfə artırılaraq ictimaiyyətə çatdırılması, əldə etdiyi gəlirlərin isə qeyri-sağlam təhlili bu şəxsin özünü və ailəsini qanuni mənafeləri nəzərə alınmadan ictimaiyyətin gözündən salmağa yönəldilmiş cəhdlərdir.

Müəllif | Apa.Tv
Apa.tv