Aydın Əliyev: “Ötən il proqnoz tapşırıqları artıqlaması ilə yerinə yetirilib”

Ötən il gömrük orqanları üçün çətin olsa da, biz müəyyən nailiyyətlər əldə etmişik". APA TV-nin xəbərinə görə, bu fikirləri Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın  Əliyev 2015-ci ildə gömrük sahəsində görülən işlər, 2016-cı ildə qarşıda duran vəzifələr və nəzərdə tutulan planlarla bağlı danışarkən deyib.

 
Onun sözlərinə görə, dünyada baş verən böhran və manatın devalvasiyaya uğraması çətinliklər yaradıb. 

 
"Amma biz vəziyyətdən çıxış yolları axtarmışıq. Sahibkarla görüşlər keçirmişik. Onlara hər zaman açıq olmuşuq", - deyə A. Əliyev bildirib.
 
DGK sədri vergi tutma bazasının azaldığını da diqqətə çatdırıb: "2015-ci ildə vergi tutma bazası 60 milyon manatdan artıq olub ki, bu da azalma deməkdir. Ötən il bəzi nəqliyyat vasitələri və yüklər vergidən azad olunub, bu səbəbdən də vergi tutma azalıb”. 

 

A. Əliyev əlavə edib ki, ötən il proqnoz tapşırıqları artıqlaması ilə yerinə yetirilib.

 

“Əgər əvvəllər mallar satılanda ƏDV-yə cəlb edilirdisə, bu il yanvarın 1-dən etibarən mallar idxal edilən zaman ƏDV-yə cəlb edilir”. Bu fikirləri isə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev deyib. O qeyd edib ki, DGK-nın büdcə daxilolmaları ilə bağlı öhdəliyi artırılacaq:

 

 “Tarif artımına gedilməyəcək, bəzi mallara daxili bazarı qorumaq məqsədi ilə kvotalar tətbiq olunaçaq”. 

 

Səfər Mehdiyev bildirib ki,  bu məsələ ilə bağlı hökumətlə danışıqlar gedir:

 

“Ola bilər ki, komitənin öhdəliklərinin artırılması ilə bağlı təklif gəlsin və biz bunu dəyərləndirək. Bəzi rüsumların artırılması, bəzilərinin isə azaldılması nəzərdə tutulur".

 

O əlavə edib ki, Dövlət Gömrük Komitəsi hökumətə gömrük rüsumlarının artırılması ilə bağlı müraciət edib: “Lakin bu, qiymətlərin artırılması üçün verilən qərar deyil”.

Müəllif | Apa.Tv
Apa.tv