Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 ili tamam olur
"Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 ili tamam olur. Bu illər ərzində sahənin inkişafı naminə prezident İlham Əliyev tərəfindən 500-dən çox fərman və sərəncam imzalanıb. Bu fərman və sərəncamlar nazirliyin fəaliyyət istiqamətini şərtləndirən, müəyyənləşdirən əsas amil olub, mədəniyyət və turizm siyasətinin hüquqi-qanunvericilik bazasını yeni sənədlərlə zənginləşdirib".
APA TV-nin məlumatına görə, bunu nazirliyin yaradılmasının 10 illiyinə həsr olunan tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Ə.Qarayev qeyd edib ki, Azərbaycanda 10 il əvvəllə müqayisədə bütün sahələr inkişaf edib: "Bu müddətdə Azərbaycanda bütün sahələr inkişaf edib, ölkənin nüfuzu beynəlxalq səviyyədə artıb. Düzdür, 10 il çox vaxt deyil. Amma bu sahədə çalışan insanlar üçün bu 10 il böyük tarixə çevrilib".
Ə.Qarayev ötən 10 il ərzində Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyətinin inkişafı üçün əvəzedilməz işlər görüldüyünü də deyib
Nazir bildirib ki, mədəniyyətimizin inkişafından danışarkən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna xidmətləri xüsusi vurğulanmalıdır. Belə ki, həm ölkə, həm də beynəlxalq əhəmiyyətli tədbirlərin reallaşmasında birinci xanımın himayəçiliyi, gələcəyə hesablanmış uğurlu addımları və tarixi xidmətləri danılmaz faktdır.
"Məhz Mehriban xanımın ardıcıl zəhməti və böyük xidmətləri hesabına Azərbaycan muğamı, aşıq, tar ifaçılığı, xalçaçılıq, Lahıc misgərlik sənətləri, Novruz bayramı, çövkən atüstü oyunu, kəlağayı simvolizmi UNESCO-nun Qeyri-maddi mədəni irsin reprezentativ və təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib, eləcə də görkəmli mədəniyyət və söz adamlarının yubileyləri beynəlxalq səviyyədə qeyd olunub. Bundan əlavə, Azərbaycanın möhtəşəm abidələri olan Qobustan Milli Tarix-Bədii Qoruğu və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib".
10 il ərzində dünyanın müxtəlif ölkələri ilə mədəniyyət və turizm sahələrində ümumilikdə 70 beynəlxalq müqavilə imzalandığını deyən nazir qeyd edib ki, müqavilələrdən 51-i mədəniyyət, 19-u isə turizm sahəsində əməkdaşlıq haqqındadır.