Nazirlər vətəndaşları qəbul etdilər
Ədliyyə naziri Fikrət Məmmədov və nəqliyyat naziri Ziya Məmmədov Şəki şəhərində vətəndaşları qəbul edib. APA-TV-nin məlumatına görə, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Şəki regional ədliyyə şöbəsində Şəki, Balakən, Qax,Zaqatala, Oğuz, Qəbələ, Yevlax rayonlarında və Mingəçevir şəhərində yaşayan vətəndaşları qəbul edib. Qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə işə qəbul və digər müxtəlif məsələlər ilə bağlı 170-dən çox vətəndaş diqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb, digər müraciətlər üzrə nazirliyin aidiyyatı məsul işçilərinə dərhal tapşırıqlar verilib.
Nəqliyyat naziri Ziya Məmmədov da Şəki Olimpiya İdman kompleksində Şəki, Balakən, Qax, Zaqatala, Oğuz, Qəbələ və İsmayıllı rayonlarından olan 30-dan artıq vətəndaşları qəbul edib. Görüşdə vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar nəqliyyat naziri müəyyən göstəriş və tapşırıqlarını verib. Qeyd olunan məsələlərinin bəziləri elə yerindəcə həll olunub. Vətəndaşların şikayətləri arasında əsasən yol infrastrukturundakı problemlər daha çox yer alıb.Kənd yollarının abadlaşdırılması məsələlərinə münasibət bildirən nazir bu istiqamətdə işlərin bundan sonra daha sürətlə aparılacağını bildirib.