Buzovnada dəniz sahilində sevgilisini öldürənə hökm oxundu - 19 İL
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadına 15 bıçaq vuraraq öldürməkdə təqsirli bilinən Əmri Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA TV-nin xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Əmri Süleymanov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il fevralın 14-də Buzovnada "dəniz qırağı" adlanan ərazidən Oğuz rayonunda qeydiyyatda olan, 1968-ci il təvəllüdlü Xatirə Saməddin qızı Rzayevanın meyiti tapılıb. Meyitin üzərində 15 bıçaq zərbəsi aşkarlanıb. Qətlə yetirilən qadının "Mercedes" markalı avtomobili isə Şağan qəsəbəsi ərazisində tapılıb.
İstintaqla müəyyən olunub ki, Xatirə Rzayeva yüngül həyat tərzi keçirib. Əməliyyat-istintaq qrupu cinayəti törədən Əmri Süleymanovun kimliyini müəyyənləşdirənə qədər o, ölkədən qaçmağa müvəffəq olub. Əmri Süleymanov qətli törətdikdən sonra Azərbaycandan qaçıb, fevralın 17-də isə Moskvada qatardan düşən kimi saxlanılıb.
Onu da qeyd edək ki, Əmri Süleymanov evlidir və övladları var. O, bir müddət əvvəl ailəsini ataraq Xatirə Rzayeva ilə yaşayıb. Xatirə Rzayeva öz borclarını ödəmək üçün Əmri Süleymanovu öz maşınını satmağa məcbur edib. Daha sonra tərəflər arasında mübahisə baş verib və Əmri Süleymanov qadını 15 bıçaq zərbəsi ilə öldürüb.