Prezident: “Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi barədə məlumatlar yalandır”
Yanvarın 29-da prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşüb.
APA TV-nin xəbərinə görə, bir neçə gündən sonra Birinci Gənclər Forumunun 20-ci ildönümünün qeyd olunacağını deyən prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə keçirilən ilk Forumun Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadığını diqqətə çatdırdı.
“Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır”, - deyən dövlətimizin başçısı əminliklə söylədi ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik.
1990-cı illərin əvvəllərindəki problemlərin əsas hissəsini hakimiyyət böhranı ilə əlaqələndirən Prezident İlham Əliyev dedi ki, o dövrdə AXC-Müsavat hakimiyyəti xalq üçün böyük bəla idi. Zorla hakimiyyətə yiyələnən bu qüvvələr torpaqlarımızın bir hissəsinin işğalında rol oynayıblar. Bu şəxslərin hakimiyyətə gəldikdən sonra bir-biri ilə mübarizə apardıqlarını, vəzifədən getdikdən sonra isə bəzilərinin qaçıb gizləndiyini deyən Prezident İlham Əliyev 1993-cü ildən Heydər Əliyevin ölkədəki vəziyyəti normallaşdırdığını bildirdi. “Heydər Əliyevin xidmətləri sayəsində “Əsrin müqaviləsi”nin imzalanması bir çox xarici qüvvələri hərəkətə gətirdi, onlar Azərbaycanda dövlət çevrilişlərinə cəhd etdilər, amma Ulu Öndər xalqın köməyi ilə vəziyyəti aradan qaldırdı”, - deyən prezident İlham Əliyev bildirdi ki, indi əsas məqsəd ölkəmizdəki inkişafın dayanıqlı olmasını təmin etməkdir. Bu məsələdə gənclərin fəaliyyəti, onların baxışları həlledici rola malikdir.
“Biz Azərbaycanda güclü, özünə güvənən dövlət qururuq və bu dövlət əbədi yaşamalıdır”, - deyən prezident İlham Əliyev son 20 ili inkişaf və sabitlik dövrü kimi xarakterizə etdi, Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasında təmsil olunduğunu, mühüm enerji layihələrini icra etdiyini, kosmik ölkəyə çevrildiyini, iqtisadi şaxələndirilmənin aparıldığını, elmin və təhsilin inkişafı ilə bağlı mühüm addımların atıldığını, güclü ordunun və güclü sosial siyasətin qurulduğunu diqqətə çatdırdı. Hazırda iqtisadi sahədə ciddi islahatların aparılmasına böyük ehtiyacın olduğunu deyən prezident İlham Əliyev bildirdi ki, gələcək illər innovasiya dövrü olacaq və əsas sözü texnologiyalar deyəcək. Buna görə də neftdən asılılıq tamamilə aradan qaldırılmalı, gənclər də cəmiyyətin bütün işlərində fəal rol oynamalıdırlar.
Dövlət başçısı Azərbaycanın BMT başda olmaqla bütün beynəlxalq təşkilatlarla yüksək əlaqələrə malik olduğunu dedi, gənclərin beynəlxalq təşkilatlarda təmsilçiliyini yüksək qiymətləndirdiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi ilə bağlı son günlərdə xarici mətbuatda gedən yazıların yalan olduğunu bildirdi.
Sonra Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə bir qrup gəncə Azərbaycan prezidentinin Fəxri diplomları təqdim olundu.
Çıxış edən gənclər Azərbaycan gəncliyinin və gənclər təşkilatlarının hər zaman dövlətimizin başçısının diqqət və qayğısını hiss etdiyini dedilər, buna görə prezident İlham Əliyevə təşəkkür etdilər.
Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Fond tərəfindən həyata keçirilən layihələr barədə məlumat verdi.
Prezident İlham Əliyev gələcəkdə də Fondun fəaliyyətinə dəstək veriləcəyini və maliyyə yardımının davam etdiriləcəyini bildirdi.
Sonda xatirə şəkli çəkdirildi.