Lerikdə keçilməz yol problemi həll olunacaqmı?

Talış dağlarının ətəyində yerləşən Piran-Hamarat - Tülüconu yolu Lerik rayonunun ən keçilməz ərazilərindən sayılır. APA TV-nin məlumatına görə, 19 yaşayış məntəqəsini birləşdirən bu yolu xüsusilə qış fəslində, qarlı vaxtlarda qət etmək yerli əhali üçün böyük əziyyətə səbəb olur. Yolda mövsümi  təmir-bərpa işləri aparılsa da, mövcud çətinlikləri bü günə kimi tam aradan qaldırmaq mümkün olmayıb. Belə ki, bir tərəfi sıldırım qaya, digər tərəfi isə 40-50 metrlik dərə ilə əhatə olunan yol qış aylarında keçilməz olduğundan yerli sakinlərin rayon mərkəzi ilə əlaqəsi aylarla kəsilir. Uzun illərdən bəri müvafiq idarə və təşkilatlara edilən müraciətlərdən sonra əhalinin yol problemi nəhayət ki, öz həllini tapıb. Belə ki, 500 metrlik hissəsi hündür qayalıqdan keçən yolun partladılması nəticəsində maşın və ağır texnikanın hərəkəti asanlaşıb. Yaxın vaxtlarda daha 200 metrlik ərazinin partladılması ilə yolda 70-80 metrlik sərt yoxuşun aradan qaldırılması nəzərdə tutulur. Bundan başqa, daha 300 metrlik ərazidə qayalıqların partlasılması nəticəsində yol genişləndiriləcək. Bir aya yaxın davam edəcək gərgin iş prosesindən sonra əhalinin uzun illərdən bəri həllini gözləyən yol problemi tam aradan qaldlrılacaq.

 

Qeyd edək ki, hələ sovetlər dövründə sözü gedən yolun salınması üçün texnika və canlı qüvvə səfərbər olunub. Lakin çətin relyef və iki əsgərin ağır texnikanın altında qalaraq həlak olması burada işlərin yarımçıq qalmasına səbəb olub. 

Müəllif | Apa.Tv