Zaqatalada maşın buzlu yolda sürüşərək körpüdən aşdı, ölən var
Zaqatalada ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə yanvarın 29-da axşam saat 19:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 117-ci kilometrliyində, Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Zaqatala şəhər sakini, 51 yaşlı Etibar Abdulla oğlu Eminov idarə etdiyi “VAZ 21074” markalı minik avtomobili ilə Şəkidən Zaqatala istiqamətində hərəkətdə olarkən magistral yolun buzlu olması səbəbindən idarəetməni itirərək maşını körpüdən aşırıb. Qəza nəticəsində sürücü Etibar Eminov yüngül xəsarət alıb. Qəza zamanı avtomobildə iki sərnişin - Corat qəsəbə sakini, 48 yaşlı Fərhad Məlikheydər oğlu Xankişiyev zərbənin gücündən maşının qabaq şüşəsindən çıxaraq yerə çırpılaraq müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Fərhad Xankişiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.
Qeyd edək ki, avtomobili idarə edən Etibar Eminov Azərbaycan Respublikası Energetika Nazirliyinin nəzdindəki Dövlət Enerji Nəzarəti İdarəsinin Şəki regional şöbəsinin rəisi vəzifəsində çalışır.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.