Suriya müxalifəti Cenevrə danışıqlarına qatılmaq qərarı verdi

Cenevrədə BMT baş katibinin Suriya məsələsi üzrə xüsusi elçisi Staffan de Misturanın da iştirakı ilə Suriya hökuməti və müxalifət təmsilçiləri arasında danışıqlar başlayır.

 

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, bu məqsədlə hökumət təmsilçiləri, eləcə də Rusiyanın danışıqlar prosesində iştirakında israrlı olduğu Dəyişiklik və Xilas Uğrunda Xalq Cəbhəsinin nümayəndələri cümə günü İsveçrəyə səfər edib.

 

Bununla yanaşı, Bəşər Əsədə qarşı barışmaz mövqe tutan Danışıqlar üzrə Ali Komitənin nümayəndələri də son anda prosesə qatılmaq qərarı verib.

 

Qeyd edək ki, daha öncə sözü gedən komitə danışıqlarda iştirak etmək üçün silahlı müxalifətin nəzarətində olan bəzi şəhərlərdən blokadanın götürülməsi və Rusiyanın Suriya ərazisində aviazərbələrə son qoyması tələbi ilə çıxış edirdi. 

 

BMT təmsilçisi eyni zamanda danışıqların bu həftənin bazar günü başlana biləcəyini istisna etməyib. 

Müəllif | Apa.Tv
Apa.tv