Lənkərandan evi yanan qadına yeni mənzil verildi
Lənkəran rayonunun Havzava kənd sakini İradə Cabbarova üçün inşa edilmiş yeni mənzilin açılış mərasimi keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yeni mənzilin açarlarını və sənədlərini ev sahibinə təqdim edib.
İradə Cabbarova ölkə vətəndaşlarına göstərdiyi yüksək diqqət və qayğıya görə prezident İlham Əliyevə, fövqəladə hallar naziri Kəmaləddin Heydərova və Lənkəran Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.
Daha sonra qonaqlar yeni mənzilə baxış keçirərək, burada yaradılmış şəraitlə tanış olublar.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu il mayın 31-də Lənkəran şəhərində cənub regionunun sakinlərini qəbul edərkən Havzava kənd sakini, üç uşaq anası İradə Cabbarova yaşadığı evin yanğın nəticəsində tamamilə yararsız hala düşməsi ilə bağlı müraciət edib.
Bu müraciətlə əlaqədar nazir aidiyyəti qurumlara tapşırıqlar verib. İyun ayından Fövqəladə Hallar Nazirliyi tərəfindən Havzava kəndində Cabbarovlar ailəsi üçün yeni evin tikintisinə başlanılıb. Birmərtəbəli, iki otaqlı, mətbəxi, hamamı, həyətdə sanitar qovşağı olan ev tikilərək təhvil verilib.
Hazırda Lənkəranda müxtəlif səbəblərdən yarasız vəziyyətə düşən daha 10 yaşayış evinin tikintisi davam edir. Yaxın vaxtlarda onların da sahiblərinin istifadəsinə verilməsi gözlənilir.