İki addımlığından Şollar suyu keçən Xudatda içməli su problemi - REPORTAJ
Abşeron yarımadasının bir hissəsini içməli su ilə təmin edən Şollar su kəmərinin yerləşdiyi Xaçmaz rayonunun inzibati ərazisi olan Xudat şəhərində içməli su problemi yaşanır.
APA TV-nin şimal bürosunun xəbərinə görə, 23 min əhalisi olan şəhərin içməli su tələbatı ümumi tutumu 700 kubmetr olan iki su anbarının və 36 kubmetrlik su çənlərinin hesabına ödənilir. Amma bu, şəhərin tam və fasiləsiz içməli su ehtiyacını ödəmir.
"Biz sudan əziyyət çəkirik, əsasən yay mövsümündə su olmur. Dörd bir yanımız sudur, yəni axar çaylarımız və bulaqlarımız boldur. Aidiyyəti qurumlardan xahiş edirik ki, vasitəçilik edib su problemimizi həll edəsiniz".
"Xüsusən yay aylarında sudan korluq çəkirik. Baxmayaraq ki, Xudatın hər yanı sudur, özümüz sudan əziyyət çəkirik. 90-cı illərdə yuxarıdan su çəkilmişdi. Ancaq bu vaxta kimi bütün yerlərə çatmır".
Əhalinin sayının artması və yeni yaşayış massivlərinin salınması içməli suya olan tələbatı kəskin şəkildə artırıb. Xudat şəhərində içməli su xətti 60 il öncə istismara verilib. Ötən dövr ərzində su xətləri köhnəlib və sıradan çıxıb.
"Mövcud su anbarları əhalinin içməli suya olan tələbatını ödəmək gücündə deyil. Yeni bir su anbarı tikilərsə, bu problem öz həllini tapar. Payız və qış aylarında içməli suda bir o qədər problem olmur. Lakin yayda suvarma suyu olmadığına, əhalinin bir hissəsi içməli sudan həyətyanı sahələri suvarmaq üçün istifadə etdiyinə görə şəhərin müəyyən hissəsində problem yaranır. Hazırda mövcud olan su anbarından çəkilən su xətləri 60 il bundan öncə çəkilib. Su dəmir borularla çəkilib və həmin boruların istismar müddəti başa çatıb".
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Xudat şəhərində sakinlərin içməli su ilə təminatında problemlərin olduğu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin Xaçmazda sahibkarlarla görüşü zamanı məlumat verib və problemin həlli üçün yeni su anbarlarının tikintisinə ehtiyacın olduğunu bildirib.
Qeyd edək ki, Xudat şəhəri Xaçmaz rayonunda əhalinin sıx məskunlaşdığı ikinci böyük yaşayış məntəqəsidir.