Bu gün gömrük işçilərinin peşə bayramıdır - KOLLEGİYA
Bu gün Dövlət Gömrük Komitəsində (DGK) geniş kollegiya iclası keçirilib.
APA TV-nin məlumatına görə, iclasda çıxış edən kollegiyanın sədri, DGK-nin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Azərbaycan gömrük orqanlarının yaradılmasının 24 illiyi münasibətilə bütün gömrük əməkdaşlarını təbrik edib, onlara cansağlığı və işlərində daim uğurlar arzulayıb.
A. Əliyev qeyd edib ki, bu, həqiqətən də Azərbaycan üçün əlamətdar hadisədir. Onun sözlərinə görə, Azərbaycan Respublikasının iqtisadi strategiyasının həyata keçirilməsində, dövlətçilik təməlinin möhkəmləndirilməsində gömrük xidməti önəmli mövqeyə malikdir. Azərbaycan Respublikası öz suverenliyini bərpa etdikdən sonra 1992-ci il yanvarın 30-da Dövlət Gömrük Komitəsi yaradılıb. Lakin o zaman ölkədə gərgin siyasi vəziyyət gömrük xidmətinin fəaliyyətinə də öz təsirini göstərib. 1993-cü ildə yenidən respublika rəhbərliyinə gələn ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin əsasını qoyub. Həmin vaxtdan etibarən respublikanın ictimai-siyasi həyatında müsbət dəyişikliklər baş verib, siyasi və iqtisadi sahələrdə ardıcıl şəkildə islahatlar aparılıb, bütün ölkələrlə bərabərhüquqlu və qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı nəzərdə tutan vahid iqtisadi strategiya formalaşdırılıb.
A. Əliyev rəhbərlik etdiyi qurumun ötən il ərzində fəaliyyətinə toxunaraq bildirib ki, Dövlət Gömrük Komitəsi üzrə müəyyənləşdirilən illik büdcə proqnozunun yerinə yetirilməsi təmin edilib. İl ərzində gömrük orqanları tərəfindən nəzərdə tutulmuş 1 milyard 590 milyon manat proqnoza qarşı, faktiki olaraq 1 milyard 591,91 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb, proqnoz 100,12 faiz yerinə yetirilib.
Aydın Əliyevin sözlərinə görə, qarşıdan gələn ildə əlverişli biznes mühitinin formalaşdırılması gömrük orqanları qarşısında duran əsas prioritetlərdən biridir. DGK rəsmilərinin iş adamları ilə keçirilən ənənəvi görüşlərə diqqət yetirən A. Əliyev bildirib ki, bu cür tədbirlər faydalıdır və gələcəkdə də onların təşkili nəzərdə tutulub.
Bununla yanaşı, komitə sədri yaxın perspektivdə yeni elektron gömrük xidmətlərinin istifadəyə verilməsinin zəruriliyini qeyd edib.
Qeyd edək ki, kollegiya iclasında öncə Dövlət Gömrük Komitəsinin əməkdaşları Fəxri xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.