Əli Əhmədov: "Minsk Qrupu hansı məqsədə xidmət edir?"

"Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Dağlıq Qarabağa dair qətnamə ilə bağlı səslərin sayılmasında saxtakarlıq həqiqətən olubsa, bunu bütövlükdə Avropanın ən vacib qurumlarından biri üçün başucalığı gətirməyən hadisə hesab edirəm".  APA TV-nin məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini və icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib. Qeyd edib ki, AŞPA-nın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması ilə əlaqədar qərara mənfi münasibət göstərməsi, Dağlıq Qarabağla bağlı qətnamənin qəbul edilməməsi bu quruma hörmət gətirmir.
 

"Ən azı ona görə ki, AŞPA Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktını təsdiq edib, ikinci dəfə əks mövqe nümayiş etdirilməsi düzgün hal sayıla bilməz. Digər tərəfdən, çox təəssüfedici hal ondan ibarətdir ki, Minsk Qrupunun həmsədrləri AŞPA-da belə bir qərarın qəbul edilməməsi üçün əllərindən gələni etdilər. Bu isə bütövlükdə Minsk Qrupunun hansı məqsədə xidmət etdiyi haqqında bizi düşünməyə vadar edir.

 

Bundan başqa Əli Əhmədov Azərbaycanda dərmanların əlavə dəyər vergisindən azad edilməsi məsələsinə də münasibət bildirib.  Onu sözlərinə görə , bu məsələnin üzərində düşünülür. Əlavə edib ki, dünyanın ayrı-ayrı ölkələrində dərmanların əlavə dəyər vergisindən azad olunması, habelə bu və ya digər dərəcədə əlavə dəyər vergisinə cəlb olunmasına dair nümunələr var.

 

"Biz bunu araşdırırıq və güman edirəm ki, Azərbaycan üçün məqbul olan formada qərar qəbul olunacaq. Bütövlükdə Azərbaycanda vətəndaşların həm keyfiyyətli, həm də qiyməti süni surətdə şişirdilməyən dərmanlarla təmin edilməsi istiqamətində vacib işlər görülür, bundan sonra da görüləcək. Qarşıya qoyulan məqsəd ondan ibarətdir ki, Azərbaycanın dərman bazarı sağlam meyarlar və prinsiplər əsasında fəaliyyət göstərsin".

 

Müəllif | Apa.Tv
Almaz Qasımova