Rəna Zeynalova: "Qızımı doğuş zamanı həkimlər öldürdü"
Rəna Zeynalova Gəncədəki doğum evində vəfat edən 32 yaşlı Fərqanə Ricainin anasıdır. APA TV-nin bölgə müxbirinin məlumatına görə, ana və mərhumun digər ailə üzvləri iddia edir ki, gənc ananın ölüm səbəbini Gəncə Perinatal Mərkəzində axtarmaq lazımdır. Məhz orda, həkimlərin tibbi müdaxiləsindən sonra hamilə qadının vəziyyəti pisləşib və dünyasını dəyişib. Fərqanənin yaxınlarının sözlərinə görə, hamiləliyi dövründə qadının səhhətində hər hansı ciddi problemi olmayıb və bütün tibbi müayinələrdən keçib. Hamilə ana doğum üçün mərkəzə gələndə də səhhəti yaxşı olub. Lakin Fərqanəyə Gəncə Peritanal Mərkəzdə inyeksiya tətbiq olunduğundan vəziyyəti pisləşib və bundan sonra isə vəziyyəti ağırlaşan xəstəyə heç bir tibbi yardım göstərmədiklərindən bu faciə baş verib. Ailə Fərqanə Ricainin xəstəxanadakı özbaşınalıqdan və baxımsızlıqdan dünyasını dəyişdiyi qənaətindədir. Mərkəzin direktoru Təranə Həsənova isə hamilə qadına doğuşdan öncə hər hansı tibbi müdaxilə olunmadığını deyir və bunu qəfləti ölüm hesab edir. Gəncə şəhər Prokurorluğundan verilən məlumata görə, hazırda araşdırmalar davam edir və ekspertiza rəyi hələ ki, prokurorluğa təqdim edilməyib. Səhiyyə Nazirliyi də faktla bağlı məlumat yayıb. Bildirilib ki, bu, 32 yaşlı ananın 5-ci hamiləliyi, 3-cü doğuşu olub. Hadisə ilə bağlı son qərarı Səhiyyə Nazirliyi yanında yaradılmış Doğuşayardım Komissiyası verəcək.