"Günəşli" faciəsinin qurbanı olan neftçinin nəşi Vətənə gətirildi
Ötən gün itkin düşən neftçilərdən birinə məxsus olduğu ehtimal edilən meyitin tanınması və respublikaya gətirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb.
APA TV-nin verdiyi xəbərə görə, müəyyən edilib ki, bu, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə taxta bənd işçisi vəzifəsində işləmiş Sahib Güloğlan oğlu Şahmarovun meyitidir.
Cəsədin gətirilməsi üçün Türkmənistana yola düşmüş FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi gecə saatlarında geri qayıdıb. Neftçi Sahib Güloğlan oğlu Şahmarovun nəşi Vətənə gətirilib və aidiyyəti üzrə təhvil verilib.
Məlumat üçün bildirək ki, 43 yaşlı Sahib Şahmarov Qarabağ müharibəsi başlayanda könüllü cəbhəyə yollanıb. Ağdam, Şuşa, Laçın və Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Onun 11 yaşlı Məhəmməd adlı oğlu və 10 yaşlı Məsumə adlı qızı var.