Pentaqon təsdiqlədi: "Rusiya təyyarəsi Türkiyə hava məkanını yenə pozub"
Pentaqon Rusiyanın döyüş təyyarəsinin Türkiyənin hava məkanını pozmasına dair Ankaranın bəyanatını təsdiqləyib. APA TV-nin məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Mark Rayt RİA “Novosti” agentliyinə bildirib.
Mark Rayt Rusiya və Türkiyəni danışıqlar aparmağa çağırıb. “Rusiya döyüş təyyarəsinin yanvarın 29-da Türkiyə və NATO-nun hava sərhədini pozması barədə məlumatlardan xəbərdarıq və bunu təsdiq edirik. Əvvəlki insidentlərdən sonra da bəyan etdiyimiz kimi, ABŞ da NATO kimi bu məsələdə Türkiyə ilə həmrəydir və biz Rusiyanı Türkiyənin hava məkanına hörmət etməyə, regionda qeyri-stabilliyə səbəb olan əməllərdən çəkinməyə çağırırıq. Rusların və türklərin danışıqlar aparması vacibdir”, - deyə Rayt qeyd edib.
Qeyd edək ki, Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus SU-34 qırıcı təyyarəsi yanvarın 29-da yenidən Suriya istiqamətindən Türkiyənin hava məkanını pozub. Rusiya təyyarəsinin heyətinə rus və ingilis dilində dəfələrlə xəbərdarlıq edilib. İnsidentlə əlaqədar Rusiyanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb, ona etiraz notası təqdim olunub.
Rusiya Müdafiə Nazirliyi isə Türkiyə tərəfinin iddialarını rədd edib.