Rusiya təkzib etdi: Türkiyənin hava məkanını pozmamışıq

Ankara ölkənin hava məkanının Rusiya tərəfindən yenidən pozulması ilə bağlı bəyanat yayıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, insident cümə günü, 29 yanvar tarixində, yerli vaxtla saat 11:46-da baş verib. Həmin gün axşam Rusiyanın bu ölkədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi etiraz bildirilib.

 

Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələ ilə bağlı bəyanatla çıxış edib: "Əgər Rusiya Türkiyənin sərhədlərini pozmaqda davam etsə, bunun çox ağır nəticələri olacaq. Bu cür məsuliyyətsiz davranışlar NATO ilə Rusiya arasında münasibətləri yaxşılaşdırmağa və regionda sülhün yaradılmasına xidmət etmir. Əksinə, analoji addımlar vəziyyətin daha da qəlizləşdirilməsinə yönəlib".


Rus təyyarəsinin Türkiyə sərhədlərini dəqiq olaraq hansı nöqtədə pozduğu məlum deyil. Bununla belə, Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşmək arzusunda olduğunu növbəti dəfə təkrarlayıb. Verilən açıqlamada o da bildirilir ki, dəfələrlə xüsusi rabitə vasitələrinin köməyilə pilotlarla əlaqə saxlanılaraq, ölkə sərhədlərinin pozulmasının yolverilməzliyi onların diqqətinə çatdırılıb.


Rusiyanın Müdafiə Nazirliyi Türkiyə tərəfinin ölkə sərhədlərinin Rusiyaya məxsus qırıcı tərəfindən növbəti dəfə pozulması ilə bağlı yaydığı məlumatı təkzib edib. Nazirliyin nümayəndəsi general-mayor İqor Konaşenkov bu cür açıqlamaları "səsli təbliğat" kimi dəyərləndirib.

Qeyd edək ki, bu ölkə sərhədlərinin Rusiya təyyarəsi tərəfindən ilk pozulması faktı deyil. 2015-ci ilin noyabr ayının sonlarında Türkiyə qırıcıları ölkə sərhədlərinə daxil olan Rusiyaya məxsus Su-24 təyyarəsini vurub. Öz növbəsində Moskva rəsmi Ankaranın bu istiqamətdəki ittihamlarını qəti şəkildə rədd edir.

Müəllif | Apa.Tv
Apa.tv