Soros Hillari Klintonun seçki fonduna 6 milyon dollar bağışladı

Milyarder Corc Soros ABŞ prezidentliyinə namizəd Hillari Klintonun seçki kampaniyasına 6 milyon dollar xərcləyəcək. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, vəsait seçki kampaniyalarında demokratları dəstəkləyən "Priorities USA Action" təşkilatının hesabına artıq köçürülüb. Həmin təşkilat hazırda Hillari Klintonun qalibiyyəti üçün fəaliyyət göstərir.


Məlumata görə, Hillari Klintonun qələbəsi üçün maddi dəstək verənlər sırasına tanınmış musiqiçi Xaim Saban və onun həyat yoldaşı, həmçinin maliyyəçi Donald Sassman da qoşulub. İanə fonduna Saban ailəsi 5 milyon, Sassman isə 2,5 milyon dollar ianə bağışlayıb.

Hillari Klintonun seçki kampaniyası üçün artıq 41 milyon dollar toplanıb.

Corc Soros "Priorities USA Action" təşkilatının hesabına Barak Obamaya 2012-ci ildə dəstək vermək üçün də yüksək məbləğ ödəmişdi.

Hillari Klinton hazırda Demokratlar Partiyasından Amerika prezidentliyinə ən şanslı namizəd hesab edilir. Respublikaçılardan isə iddialıların sayı 10-a yaxındır. Onların arasında Donald Tramp böyük fərqlə rəqiblərindən irəlidədir.


Xatırladaq ki, ilk praymerizlər Ayova ştatında fevralın 1-də bu gün baş tutacaq.

Müəllif | Apa.Tv
Apa.tv