Davudoğlu: "Türkiyə Suriya xalqının yanında, İŞİD-in və Əsədin qarşısındadır"

"Türkiyə hər zaman Suriya xalqının yanındadır. Türkiyə hər zaman mülayim müxalifətin yanında, İŞİD-in, Əsəd rejiminin və Suriyanı işğala yönələn xarici güclərin və xarici dövlət ünsürlərinin qarşısındadır. Belə olmağa da davam edəcək".

 

APA TV-nin xəbərinə görə, bu fikirləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Səudiyyə Ərəbistanına səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirib.

 

Suriyalı müxaliflərin qurduğu Ali Müzakirə Komissiyasının koordinatoru və Suriyanın keçmiş baş naziri Riyad Hicab ilə görüşdüyünü bildirən Davudoğlu qeyd edib ki, Suriya müxalifəti uzun zaman haqlı tərəddüd içində idi: "Çox təəssüf ki, beynəlxalq ictimaiyyət Rusiya və İran güclərinin etdiyi insanlıq cinayətlərinə qarşı hər hansı addım atmamaqda davam edir. Müxalifətin iki tələbi var idi. Ehtiyac duyulan bölgələrə yardımın çatdırılması və müxalifət olaraq bütöv halda Cenevrə görüşlərinə qatılmaq, rejimin yaratdığı saxta müxalifətlə PYD-nin görüşmələrə qatılmaması. Türkiyənin də dəstəyi ilə müxalifət tək bir qrup olaraq Cenevrə görüşlərinə qatılmaq məsələsində önəmli uğur əldə etdi. Ancaq təəssüf ki, humanitar yardımların çatdırılması məsələsində heç bir iş görülməyib".

 

Səfər çərçivəsində Türkiyə baş naziri Əhməd Davudoğlu kral Salman bin Əbdüləzizlə görüşüb. Görüşdən sonra Davudoğlunun şərəfinə ziyafət verilib.

 

Baş nazir həmçinin səudiyyəli investorlarla da görüşüb. Türkiyənin Yatırım Dəstək və Tanıtım Agentliyinin təşkil etdiyi görüşdə Səudiyyə Ərəbistanın 20 böyük şirkətinin sahibi iştirak edib.

 

Davudoğlu açıqlamasında çox önəmli görüşlər keçirdiyini bildirib: "Davosdakı görüşmələrin ardından Səudiyyə Ərəbistanın ən önəmli firmaları ilə bir araya gəldik. Hazırda Səudiyyə Ərəbistanının 2 milyard dollarlıq yatırımı var. Onu 10 milyard dollara, sonra 20 milyard dollara çıxaracağıq".

 

Səudiyyəli rəsmilərlə yüksək səviyyədə strateji iş birliyi mexanizminin əsas prinsipləri mövzusunda fikir mübadiləsi apardıqlarını söyləyən baş nazir "bu anlaşma kralın aprel ayında Türkiyə səfərində imzalanacaq hala gələcək" - deyə vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv