"Europol": Avropaya gedən 10 mindən artıq qaçqın uşaq itkin düşüb

Avropa Polis Ofisi (Europol) son iki il ərzində Avropaya gedən 10 mindən çox qaçqın uşağın itkin düşdüyünü bəyan edib.

 

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, "Europol"un açıqladığı məlumatda son iki il ərzində itkin düşən 10 min uşağın cinsi istismara məruz qala biləcəyi və qul əməyinə məcbur edilə biləcəyi haqqında xəbərdarlıq əks olunub.

 

Ofisin direktoru Brayan Donald İngiltərədə yayımlanan "Observer" qəzetinə itkin düşən uşaqların hamısının şəbəkələrin əlinə keçmiş olma ehtimalının çox az olduğunu bildirib: "Onların heç də hamısı cinayətkar qrupların qurbanına çevrilməyiblər. Uşaqların bir qismi Avropadakı qohum-əqrəbalarının yanına getmiş ola bilər. Ancaq biz onların harada olduğunu və nə etdiklərini bilmirik".

 

Bu məsələdə ən ciddi problem İtaliyadadır. İtaliyanın rəsmi dairələri hələ 2015-ci ilin may ayında bildiriblər ki, 2014-cü ilin yayından sonrakı müddətdə bu ölkədə 5 min uşaq yoxa çıxıb. 2015-ci ilin oktyabr ayında isə İsveçin Trelleborq şəhərinin hakimiyyəti isə bir neçə ayda valideynsiz gəlmiş minə yaxın qaçqın uşağın yoxa çıxması barədə məlumat yayıb.

Müəllif | Apa.Tv
Apa.tv