AVCİYA: Azərbaycan Minsk qrupu həmsədrlərinin xidmətindən imtina etməlidir

Millət vəkili Elxan Süleymanov ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT Minsk qrupunun xidmətlərindən imtina etməli olduğu qənaətindədir.

 

APA TV-nin xəbərinə görə, bu fikirləri o, bu gün keçirdiyi mətbuat konfransında səsləndirib.

 

Elxan Süleymanov həmçinin həmsədrlərin Avropa Şurasının Parlament Assambleyası (AŞPA) kimi nüfuzlu bir təşkilatın fəaliyyətinə müdaxiləsinin yolverilməz olduğunu da vurğulayıb. Onun fikrincə, bu faktor birmənalı şəkildə beynəlxalq hüququn kobudcasına pozulması kimi qiymətləndirilməlidir.

 

Bu tezislər Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən qəbul edilmiş xüsusi bəyanatda da öz əksini tapıb: "ATƏT-in Minsk Qrupunun Azərbaycanın başqa beynəlxalq təşkilatlarda ədalət axtarması cəhdlərinə müdaxilə etməyə və işğalla bağlı məsələni öz monopoliyasında saxlamağa cəhd etməsinin heç bir hüquqi əsası yoxdur. AVCİYA xarici təsirlərə qarşı ölçü götürmək iqtidarında olmayan AŞPA-da bosniyalı deputat Militsa Markoviç tərəfindən hazırlanmış “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” qətnaməsinin müddəaları yerinə yetirilməyənədək Azərbaycanı bu qurumda fəaliyyətini dondurmağa çağırır".

 

Millət vəkili AŞPA-da Robert Volterin müəllifi olduğu “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artması” adlı qətnamənin qəbul olunmamasına da münasibət bildirib.

 

Elxan Süleymanov əlavə edib ki, Azərbaycana olan qərəzli mövqeyinə görə və  “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” adlı qətnamənin müddəalarının yerinə yetirilməsi üçün xarici işlər naziri Elmar Məmmədyarov nota verməlidir".

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov