Fazil Məmmədov Şəmkir ictimaiyyətinin nümayəndələri ilə görüşdü
Bu gün vergilər naziri Fazil Məmmədov Şəmkir şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, sahibkarlar, rayon ziyalıları iştirak ediblər.
Görüşdə çıxış edən nazir Fazil Məmmədov dünyada baş verən iqtisadi proseslər, enerji və maliyyə bazarlarında yaranmış iqtisadi vəziyyət, bunun ölkəmizə təsirləri barədə danışıb, Azərbaycan prezidenti İlham Əliyevin ölkənin büdcə gəlirlərinin neftdən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafının təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində apardığı işlər və atdığı qətiyyətli addımlar nəticəsində dünya qlobal böhranının Azərbaycan iqtisadiyyatına təsirinin minimallaşdırılmasına nail olunduğunu vurğulayıb.
F.Məmmədov iqtisadi inkişaf dinamikasının saxlanması, yerli istehsalın dəstəklənməsi, sahibkarlığa geniş dövlət dəstəyinin göstərilməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması, əhalinin yaranmış yeni iqtisadi situasiyadan zərər çəkməməsi üçün Azərbaycan hökuməti tərəfindən atılan addımlar barədə görüş iştirakçılarına geniş məlumat verərək, mövcud iqtisadi şəraitdə iş yerlərinin ixtisarına yol verilməməsinin, əksinə, yeni iş yerlərinin yaradılmasının qarşıda duran ən mühüm vəzifələrdən olduğunu bildirib.
Açıq dialoq şəraitində keçən görüşdə qeyd olunub ki, yerli sahibkarlığın inkişafı üçün dövlət tərəfindən bütün mümkün addımlar atılır. Nazir yerli sahibkarlara müraciət edərək onları bu dəstəkdən faydalanaraq öz fəaliyyətlərini genişləndirməyə, rayonun potensialından maksimum istifadə etməyə, yerli istehsala söykənən layihələrə sərmayələr yatırmağa çağırıb.
Görüşdə çıxış edən ictimaiyyət nümayəndələri, o cümlədən sahibkarlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirib, Şəmkir rayonunda yeni istehsal sahələrinin və iş yerlərinin yaradılması, sahibkarlara kredit resurslarının ayrılması, fermerlərə texnika verilməsi və gübrə əldə edilməsində köməklik göstərilməsi, kənd təsərrüfatı məhsullarının satışı və xarici bazarlara çıxarılması, sahibkarlara dövlət dəstəyinin artırılması və s. bağlı təkliflərlə çıxış ediblər. Vergilər naziri Fazil Məmmədov bütün müraciət və təkliflərin nəzərə alınacağını, onların həlli istiqamətində sahibkarlara köməklik göstəriləcəyini bildirib.