Milli Məclisdə Dağlıq Qarabağın muxtar vilayət statusunun bərpası təklif olundu
Azərbaycan Milli Məclisinin 2016-cı ilin yaz sessiyasında ilk iclası keçirilib. APA TV-nin məlumatına görə, spiker Oqtay Əsədov tərəfindən açıq elan edilən sessiya dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra O.Əsədov akademik Cəlal Əliyevin vəfat etdiyini bildirib, ona Allahdan rəhmət diləyib. C.Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İlk olaraq Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yeni tərkibi təsdiq olunub.
Parlamentin 2016-cı il yaz sessiyasının qanunvericilik işlər planının müzakirəsi zamanı deputatlar tərəfindən təklif və iradlar səsləndirilib. Deputat Zahid Oruc Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yenidən bərpa olunması təklifini irəli sürüb. O bildirib ki, 1990-cı illərdə ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayəti adının bərpası hüququ həmin ərazinin sahibi kimi Azərbaycana məxsusdur.
Milli Məclisin deputatı Qənirə Paşayeva Milli Məclisin iclasında kredit götürən və övladı ödənişli ali təhsil alan ailələrin ünvanlı sosial yardımının kəsilməməsi təklifi ilə çıxış edib: “Ünvanlı sosial yardım alan ailələrin övladları ali məktəbə ödənişli əsaslarla qəbul olunduğu halda, həmin ailəyə verilən yardım kəsilir. Nə üçün? Axı o yardım kəsilsə, həmin ailə övladını ali təhsil arxasınca göndərə bilməyəcək. Belə ailəyə daha çox dəstək göstərmək lazımdır ki, övladını oxuda bilsin. Amma ona verilən ünvanlı sosial yardım kəsilir. Bu insan övladı ödənişli ali təhsil almağa düşəndə varlanmır ki? Tam əksinə, qayğı və problemləri daha da artmağa başlayır. Ona görə də bu iki məsələnin ünvanlı sosial yardımın verilməsi zamanı ləğv edilməsi lazımdır".
Deputat Qüdrət Həsənquliyev Avropa Şurası Parlament Assambleyasının son iclasında Gürcüstan nümayəndə heyəti üzvlərinin Dağlıq Qarabağla bağlı qətnaməyə səs verməməsinə etirazını bildirib: “Vaxtilə NATO Parlament Assambleyasının tədbirində Gürcüstandan Nino Burcanadze də iştirak edirdi. Həmin iclasda nümayəndə heyətimizin rəhbəri Ziyafət Əsgərov da iştirak edirdi. Orda münaqişələrdən danışan zaman Burcanadze işğalla bağlı Kosovoda tətbiq olunan təcrübənin Moldova və Gürcüstana tətbiq olunmasının mümkünlüyünü bildirib, Azərbaycanın adını çəkmədi. AŞPA-nın sonuncu iclasında da Azərbaycanla bağlı qətnamə müzakirə olunanda Gürcüstan nümayəndə heyətinin 2 üzvü bunun əleyhinə səs verib. Bunu yəqin Səməd Seyidov və Fazil Mustafa da təsdiq edə bilər”.
Deputat gürcü deputatların Azərbaycana qarşı atdığı addımın Gürcüstanın diqqətinə çatdırılmasının vacibliyini söyləyib.
Siyavuş Novruzov qeyd edib ki, yaz sessiyasına şəffaflığı təmin etmək üçün “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik hazırlanır: “Qanuna edilən dəyişikliyə görə, dövlətdən maliyyələşən və maliyyələşməyən siyasi partiyalar hesabat verməlidir. Ancaq təəssüflər olsun ki, bu gün bəzi siyasi partiyalar hesabat vermir. Bəzi partiyalar hesabat yerinə ağ kağız göndərirlər ki, guya bunların heç bir maliyyəsi olmayıb. Ancaq partiya sədrinin 4-5 cangüdəni var və bahalı maşınlarda gəzir. Bəs maliyyəsi yoxdursa, bunlar haradandır?”
Müzakirələrdən sonra Milli Məclisin yaz sessiyasının işlər planı təsdiq edilib.