Cəlal Əliyev I Fəxri Xiyabanda dəfn olundu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının “Dairəvi zalı”nda akademik Cəlal Əliyevlə vida mərasimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, mərasimdə Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazirin müavinləri Əli Əhmədov, Abid Şərifov, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, elm adamları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Mərasimdə çıxış  edən AMEA prezidenti Akif Əliizadə deyib ki, C.Əliyev bütün ömrünü elmə həsr edib, Azərbaycanın görkəmli bioloq alimlərindən biri olub.

 

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, C.Əliyev 62 il AMEA-nın Biologiya və tibb elmləri bölməsində çalışıb, uzun illər bu bölməyə rəhbərlik edib: “Akademik Cəlal Əliyev 1990-cı ildə AMEA-nın bağlanmasına çalışanların qarşısında dayanıb, institutlarının, mülkiyyətinin qorunmasında böyük əmək ortaya qoyub. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə AMEA-nın üzərindəki qara buludlar dağılıb”.

 
AMEA-nın müxbir üzvü Validə Əlizadə, akademik Böyükkişi Ağayev, C.Əliyevin tələbəsi olmuş AMEA-nın müxbir üzvü İbrahim Əzizov mərhumla bağlı xatirələrini, ürək sözlərini dilə gətiriblər.

 

Daha sonra akademik Cəlal Əliyev I Fəxri Xiyabanda torpağa tapşırılıb.

 

Qeyd edək ki, C.Əliyev uzun sürən xəstəlikdən sonra fevralın 1-də 88 yaşında vəfat edib.

Müəllif | Apa.Tv
Apa.tv