Samir Şərifov: "Gəncənin sənaye potensialının inkişafını müzakirə etdik"
Maliyyə naziri Samir Şərifov Gəncə ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
APA TV-nın qərb bürosunun xəbərinə görə, toplantını giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, ictimaiyyət nümayəndələri ilə keçirilən bu görüş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda prezident İlham Əliyevin çıxışından irəli gələn məsələlər, verilən tapşırıqlar, 2016-cı ildə görüləcək işlər, nəzərdə tutulan tədbirlər barədə şəhər ictimaiyyətini daha yaxından məlumatlandırmaq məqsədi daşıyır.
Samir Şərifov Azərbaycanın xam neft ixrac edən ölkə olduğunu və son vaxtlar dünya bazarında bu məhsulun qiymətinin düşməsinin başqa neft ölkələri kimi, Azərbaycan iqtisadiyyatına da mənfi təsir etdiyini, buna baxmayaraq, prezident İlham Əliyev vətəndaşların bu böhran zamanı az əziyyət çəkmələri üçün mühüm fərman və sərəncamlar imzaladığını, həmçinin sosial müavinətlərin məbləğinin artdığını bildirib. O qeyd edib ki, regionların inkişafı ilə bağlı məsələlər nəzərə alınmaqla mövcud vəziyyət dərindən təhlil edilib, yeni vəzifələr müəyyənləşdirilib: "Bu gün iclasda geniş müzakirə olunan məsələlərdən biri Gəncənin sənaye potensialının və aqrar sənaye potensialının inkişaf etdirilməsidir. İclas iştirakçıları tərəfindən bir sıra təkliflər də səsləndi. Bunlardan bəziləri hesab edirəm ki, reallıqdan uzaqdır. Bəziləri isə tam yerinə düşən təkliflərdir. İlk növbədə Gəncənin tekstil sənayesinin inkişaf etdirilməsi, Gəncədə aqrar maşınqayırma müəssisələrinin yaradılması. Şübhəsiz ki, biz bunun bazarlanma məsələlərinə də diqqət yetirməliyik. Eyni zamanda Gəncədə olan iri sənaye müəssisələrinin inkişaf etdirilməsi məsələsi də müzakirə olundu".
S.Şərifov vurğulayıb ki, Gəncənin tekstil sənayesinin inkişaf etdiriləsi, aqrar maşınqayırma müəssisələrinin yaradılması, şəhərdə iri sənaye müəssisələrinin, o cümlədən alüminium sənayesinin daha da inkişaf etdirilməsi Azərbaycan iqtisadiyyatının dinamik inkişafı üçün qarşıya qoyulan əsas vəzifələrdəndir.