80 min saxta dollar satmaq istəyən şəxs: "İrandan gətirdik..."

Daxili işlər orqanlarının əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

 

APA TV-nin xəbərinə görə, əməliyyat nəticəsində dövriyyəyə külli miqdarda - 80800 saxta ABŞ dollarının buraxılmasının qarşısı alınıb.

 

Bakı Şəhər Baş Polis İdarəsi (BPİ) Cinayət Axtarış İdarəsinə (CAİ) daxil olan əməliyyat məlumatı əsasında Nərimanov rayonu ərazisində külli miqdarda saxta ABŞ dollarını 49 min manata satmaq istəyən Beyləqan rayon sakini Emin Abuşov saxlanılıb. Onun üzərindən ümumilikdə 79600 dəyərində, 796 ədəd 100 dollarlıq saxta əsginas aşkar edilərək götürülüb.

 

Sorğu zamanı E.Abuşov saxta pulları Əli və Vüqar adlı şəxslərdən satmaq niyyəti ilə əldə etdiyini bildirib.

 

Əməliyyat-axtarış tədbirinin davamı olaraq Gürcüstan Respublikasının vətəndaşı Əli Rüstəmov və Bakı şəhər sakini Vüqar Abbasov da tutularaq istintaqa təqdim edilib. Saxlanılan zaman Ə.Rüstəmovun üzərindən əlavə olaraq 2, V.Abbasovdan isə 10 ədəd saxta 100 ABŞ dolları aşkar edilərək götürülüb.

         

Emin Abuşov, saxlanılan şəxs: "Əli İranda idi. Əliyə zəng vurdum ki, təxminən 80000 dollar pul gətir, burada yerbəyer edə bilərik, o da gətirdi. Əlidən götürdüm pulu, gəldim Nərimanov rayonunda ilişdim. 50 manat mayasıdır, 70 manat çıxdı. Orada da 6000 manat qazancım oldu".

 

Əli Rüstəmov, saxlanılan şəxs: "Mən yaxın bir qardaş, Abbasov Vüqarla İran Respublikasına getmişdim. Başqa bir iş üçün getmişdik. Beş gün orada keçirəndən sonra Abışov Emin bizimlə telefon əlaqəsi saxladı və orada belə pulların olduğunu bildirdi. Söylədi ki, onlardan götürüb bura gəlsəniz, mən burada onları bir bank vasitəsilə dəyişə bilərəm. Biz də onun sözünə inanıb, həmin pulları götürüb Azərbaycan Respublikasına gətirdik. 80 000 dollar məbləğində pul idi. Pulu gətirib Abışov Eminə verdik. Sonra da həmin adamı polis işçiləri saxladı, bizi də tutdular".

 

Qeyd edilən faktla bağlı Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb. Cinayətin digər iştirakçılarının müəyyən edilməsi məqsədi ilə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv