Həmsədrlərin Azərbaycana səfərinin tarixi açıqlandı

Həmsədrlər prezidentlərin ilin sonuna planlaşdırılan görüşü ilə bağlı müzakirələr aparmaq üçün noyabrda regiona növbəti dəfə səfər etmək niyyətindədirlər.

 

APA TV-nin məlumatına görə, ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya), Jak For (Fransa) və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb. Bu haqda ATƏT-in yaydığı məlumatda bildirilir. Məlumatda qeyd olunur ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr aparılıb. Həmsədrlər öz ölkələrinin Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə dəstək verdiklərini vurğulayıb. Onlar həmçinin ATƏT-in Minsk qrupunun həmsədri olan 3 ölkənin prezidentlərinin 18 iyun 2013 il tarixli bəyanatını xatırlayıb. Həmin bəyanatda, tərəflər bölgədə gərginliyi artıra və münaqişəni alovlandıra biləcək istənilən addımlardan çəkinməyə çağrılır.  Öz növbəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri münaqişənin nizamlanması üçün həmsədrlərlə işi davam etdirməkdə qərarlı olduqlarını bildiriblər. ATƏT Minsk Qrupu həmsədrləri prezidentlərin ilin sonuna planlaşdırılan görüşü ilə bağlı müzakirələr aparmaq üçün noyabr ayında regiona növbəti dəfə səfər etmək niyyətində olduqlarını bildiriblər.

Müəllif | Apa.Tv