Məleykə Abbaszadə: "İslahatlar çərçivəsində nə qərar olacaqsa, tabe olacağıq”

“Ölkədə struktur islahatları aparılır. Bu prosesdə nə qərar olacaqsa, biz də tabe olacağıq”. APA TV-nin xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə TQDK və Təhsil Nazirliyinin birləşməsi barədə məlumatlara münasibət bildirərkən deyib.

 

O bildirib ki, bununla bağlı yuxarı orqanlardan onlara hələlik hər hansı məlumat daxil olmayıb: "İslahatlar çərçivəsində nə qərar qəbul olunacaqsa, biz də tabe olacağıq. Mən üzümü abituriyentlərə, valideynlərə tuturam. Hər hansı qərar qəbul olunacağı təqdirdə belə, sizin bilikləriniz düzgün və obyektiv qiymətləndiriləcək. Heç bir dəyişiklik sizə təsir göstərməyəcək. Prezident İlham Əliyevin siyasəti insanları qorumaqdır. Heç kimin 11 il əziyyət çəkən uşaqlara zərbə vurmaq fikri yoxdur".

 

Məleykə Abbaszadə deyib ki, 2016-cı ildə ali təhsil müəssisələrinin magistratura və tibb ixtisaslarının rezidentura səviyyəsinə keçiriləcək imtahanların və tədbirlərin plan-qrafiki təsdiqlənib. Ali məktəblərin magistratura səviyyəsinə ərizə qəbulu 10-19 fevral tarixlərində aparılacaq. İmtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək. Ali məktəblərin tibb ixtisaslarının rezidentura səviyyəsinə ərizə qəbulu 1-10 mart tarixlərində, imtahanın 1-ci mərhələsi 3 aprel, 2-ci mərhələsi isə 29 iyulda keçiriləcək.

 

TQDK sədri onu da qeyd edib ki, bu il dizayn ixtisası V qrupa keçirilib.  Onun sözlərinə görə, hazırda TQDK-nın 15 minə yaxın nəzarətçisi var. İlin yekunlarına görə, 766 müəllim yaxşı fəaliyyət göstərib, imtahanlarda köçürmə halları ildən-ilə azalır. Əvvəllər köçürmə halları çox olurdu. Ötən il köçürmə halına görə 112 nəzarətçini bazadan müvəqqəti olaraq uzaqlaşdırılıb.

 

Sonda fərqlənən müəllimlər təltif olunub.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova