FHN-in Akademiyasında Gənclər Günü münasibətilə tədbir keçirildi

Fövqəladə Hallar Akademiyasında Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı tərəfindən 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.

 

APA TV-nin məlumatına görə, Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxışında deyib ki, Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq 2 fevral Gənclər Günü kimi qeyd edilir və gənclər diqqət, qayğı ilə əhatə olunub.

 

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov gənclərin Azərbaycanın inkişafında böyük rol oynadıqlarını söyləyib.

 

Prezident Administrasiyası  İctimai-siyasi şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, ölkədə gənclər siyasətinin formalaşdırılmasında Heydər Əliyevin böyük rolu var. O, hələ sovet dövründə Azərbaycan gənclərinin nüfuzlu ali məktəblərdə təhsil almasında, uğurlu karyeraya nail olmalarında Heydər Əliyevin xüsusi əməyinin olduğunu və bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov Azərbaycanın bu gün keçdiyi inkişaf mərhələsində gənclərin xüsusi dəstəyinə ehtiyac olduğunu vurğulayıb.

 

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev gənclərə xalqa xidmət istiqamətində gördükləri işlərdə uğurlar arzulayıb. O, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsindən sonra gənclərin xüsusi diqqət və qayğı ilə əhatə olunduğunu qeyd edib: "Heydər Əliyevin inamlı davamçısı olan İlham Əliyev bu ənənələri  inamlı davam etdirmiş, Azərbayçan gəncinin potensial inkişafı üçün çox mühüm işlər görmüşdür". 

 

E.Mirzəyev Binəqədidə yaşayış binasında baş verən yanğın zamanı əksəriyyəti gənc olan xilasedicilərin həyatlarını təhlükəyə atmaqdan çəkinməyərək, sakinlərin 90 faizini xilas etdiklərini, "Günəşli" platformasında baş verən yanğın zamanı gənc xilasedicilərin böyük fədakarlıqla xilasetmə işlərində iştirak etdiklərini vurğulayıb.

 

Daha sonra xidmətdə fərqlənən FHN əməkdaşları təltif edilib.

 

Müəllif | Apa.Tv