Dünyanın yeni virus problemi - ZİKA anormal doğuşlarla nəticələnir
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Zika virusunun yayılmasını qlobal ictimai səhiyyə sahəsində fövqəladə hal kimi qiymətləndirib. APA TV-nin "Euronews"ə istinadən verdiyi xəbərdə deyilir ki, təşkilatın direktoru Marqaret Çan bildirib ki, Cənubi Amerikada ciddi doğum qüsurlarına ağcaqanadların yaydığı virus səbəb olub.
Təşkilat virusa Amerika qitəsində bu il ərzində 4 milyon insanın yoluxma ehtimalı barədə xəbərdarlıq edib.
Səhiyyə sahəsində fövqəladə hal elan edilməsinə baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı ticarət və ya səyahət qadağalarının tətbiq olunmasına çağırmayıb.
Zika virusu və uşaqların anormal dərəcədə balaca başla doğulmasına səbəb olan mikrosefaliya arasında birbaşa əlaqə olduğu da elan edilməyib. Bazar ertəsi Braziliya prezidenti Dilma Russefin müşaviri hamilə qadınları Zika virusunun yaratdığı risklər səbəbi ilə bu il keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək üçün ölkəyə səfər etməməyə çağırıb.
Braziliya Zika epidemiyasının mərkəzindədir. Oktyabr ayından bəri ölkədə 4 min mikrosefaliya halı qeydə alınıb.
Məlumat üçün bildirək ki, Zikanın adı 1947-ci ildə virusun ilk aşkarlandığı Uqandada yerləşən meşədən gəlir. Virus Aedes ağcaqanadları vasitəsilə dünyaya yayılıb.