Suriya danışıqları pozula bilər - MÜXALİFƏT DIALOQDAN İMTİNA EDİR
Suriya Danışıqları üzrə Ali Komitə Cenevrədə aparılan danışıqlarda iştirak etməyəcək. APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, çərşənbə axşamı Cenevrəyə səfər edən ölkənin əsas müxalif qrupunun təmsilçiləri BMT-nin xüsusi nümayəndəsi Staffan de Mistura ilə növbəti məsləhətləşmələrdən imtina edib.
Qərargahı Ər-Riyad şəhərində yerləşən Ali Komitə təmsilçiləri bu qərarı Suriya hökumət qüvvələrinin Hələbin şimalına hücumundan sonra verib. Komitənin nümayəndəsi Fərəh əl-Əttasi mətbuata açıqlamasında bu addımın səbəblərindən danışıb.
"Bizim əsas məqsədimiz BMT Təhlükəsizlik Şurasının 2254 nömrəli qətnaməsinin danışıqlar başlamazdan öncə, dərhal və qeyd-şərtsiz yerinə yetirilməsinə nail olmaqdır. Lakin, hazırda yaranmış vəziyyət Dəməşq rejimi və Rusiya da daxil olmaqla, bu rejimi dəstəkləyənlərin Birləşmiş Millətlər Təşkilatının beynəlxalq hüququn təmin olunması istiqamətindəki səylərini pozmaq niyyətində olduqlarını göstərir".
O, həmçinin Staffan de Mistura ilə də görüşərək, bu düşüncələrini onun da diqqətinə çatdırdığını bildirib. Bu arada, Suriya ordusu rus aviasiyasının dəstəyi ilə bazar ertəsindən başlayaraq hücumları genişləndirərək, bir neçə strateji məntəqəni ələ keçirib. Onu da qeyd edək ki, Suriya Danışıqları üzrə Ali Komitənin irəli sürdüyü tələblər bombardmanların dayandırılması, üsyançıların nəzarətində olan ərazilərdən blokadanın götürülməsi, həbs olunanların azad olunmasından ibarətdir.
Suriya məsələsi üzrə danışıqlar Cenevrədə, rəsmən yanvarın 29-dan etibarən start götürsə də, tərəflər hətta humanitar məsələlərin müzakirəsi üçün də görüşməkdən imtina edir. Hazırda Ali Komitənin prosesdə iştirakdan imtinasından sonra Suriya danışıqları pozulmaq təhlükəsi ilə üz-üzə qalıb.