Biləcəridə keçmiş arvadını bıçaqlayan şəxsə 4,5 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını bıçaqlamaqda təqsirli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Eyvaz Kərimovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.

 

APA TV-nin Lent.az-a istinadən yaydığı məlumata görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər Kollegiyasının hökmünə əsasən, Eyvaz Kərimov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə bu il Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. 1978-ci il təvəllüdlü Eyvaz Kərimov keçmiş arvadı, 1980-ci il təvəllüdlü Ülkər Abdullayevanı qısqanclıq zəminində bıçaqlayıb.

 

Ülkər Abdullayeva xəstəxanaya yerləşdirilib və vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Cinayəti törədən Eyvaz Kərimov tutulub.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv