Nardaranda əmək yarmarkası: Sakinlərə 215 iş yeri təklif olundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti bu dəfə Bakının Nardaran qəsəbəsində əmək yarmarkası təşkil edib. Yarmarkada 87 şirkət tərəfindən 200-dən artıq vakant iş yerləri təklif olunub.
APA TV-nin xəbərinə görə, yarmarkanın açılışında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbirin təşkilati vəziyyəti ilə yaxından tanış olub, müvafiq tapşırıqlarını verib.
Nazir bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin yeni islahatlar kursunda ölkədə məşğulluq imkanlarının artırılması, işsiz və iş axtaranların iş yerləri ilə təmin olunması xüsusi yer tutur: "Hazırda proses gedir, qəsəbənin sakinləri üçün təkcə Sabunçu rayonu ərazisində deyil, Bakı şəhərində, hətta Sumqayıt şəhərində belə mövcud olan iş yerləri üçün vakansiyalar göstərilir, əmək haqları məbləği elan olunur. İşləmək istəyənlər üçün, məncə, kifayət qədər imkanlar var. Mən məlumat aldım ki, bu qəsəbədə daha çox mini əmək yarmarkasında iştirak edən iş axtaranlar AZAL dövlət şirkətinin vakant yerlərinə müraciət edirlər, onlara göstərişlər veriblər. Xüsusilə də sürücü, gözətçi və s. bu kimi ixtisaslara üstünlük verilir. O sahə üzrə vakant yerlər demək olar ki, göndərişlərlə təmin olunub".
Nazir bildirib ki, Bakı Regional Peşə Tədrisi Mərkəzi qəsəbədə xüsusi olaraq kurslar təşkil edəcək: "Çünki burada iş üçün müraciət edən qəsəbə sakinləri ilə söhbətləşərkən biz gördük ki, onların daha çox ayrı-ayrı peşələr üzrə təhsil almağa imkanları da var, həvəsləri də var. Çünki əksəriyyəti müəyyən bir konkret ixtisası olmayan, yalnız ümumi orta təhsil bazasına malik olan insanlardır. Bunların peşələrə yönləndirilməsi, onun üçün də peşə tədrisi üzrə kursların təşkili zəruridir. Biz bunun üzərində işləyəcəyik".
Nazir əlavə edib ki, iş axtaranlar üçün əmək haqqı 220-240 manat arasında dəyişir və maksimum 600 manatdır.
İş axtaranlar:
- Satıcılıq üzrə müraciət etmişəm. CV verdilər ki, aparın doldurun. Biz doldurub, aparıb verəcəyik ora. Ali təhsilim yoxdur, orta təhsilliyəm.
- Ekspeditor, sürücü, fəhlə işi üçün müraciət etmişəm. Dedilər CV yazın, biz də yazıb verdik.
- İşlərə baxırıq, görək nə işlər var. Dülgərlik üçün müraciət etmişəm.
- Biz AZAL-a müraciət edirik. Yoldaşım üçün mühafizəçi kimi. Özüm işləyirəm. Nardaranda işləyirəm, baxdım ki, burda yarmarka açılıb, yoldaşımı da götürüb gətirdim. Müraciət etdik.
İşəgötürənlər:
- Biz hal-hazırda yarmarkada supermarketlərin kadr ehtiyatını təqdim edirik. Ali təhsil, yaxud da qeyri-ali təhsil fərq etmir. Bizdə hər gün vakansiyalar yeniləndiyinə görə ən qısa zamanda işçiləri işlə təmin edirik. İndiyə kimi 70-dən çox müraciət edilib.
- Qaradağ sement zavodu əmək mühafizəsi və texniki təhlükəsizlik üzrə mütəxəssis təklif edir. Treninq və inkişaf üzrə mütəxəssis təklif edirik. Ərazi üzrə satış meneceri təklif edirik. Hazırda 3 vakansiyamız var, müraciət edə bilərlər. Hal-hazırda müraciət edənlər var, CV-ni qeydə almışıq.