Nazir: "DESFA-nın özəlləşdirilməsi ilə bağlı lazımi qərar veriləcək"

Yunanıstanın qazpaylayıcı şirkəti DESFA-nın özəlləşdirilməsi ilə bağlı danışıqlar davam edir. Bu barədə "APA-Economics"ə Yunanıstanın xarici işlər naziri Nikos Kotzias deyib.

 

Onun sözlərinə görə, bu məsələdə müvafiq prosedurlara riayət olunmalıdır. "Düşünürəm ki, məsələnin həlli ilə bağlı lazımi qərar qəbul edə biləcəyik", - deyə nazir əlavə edib.

 

Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.

 

2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb. SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

Müəllif | Apa.Tv
Apa.tv