Azərbaycanda 3 dövlət qurumu ləğv edildi
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilib.
APA TV-nin xəbərinə görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərmanda bildirilir.
Fərmanda deyilir ki, Palatanın Nizamnaməsi qüvvəyə mindiyi gündən və yuxarıda adları qeyd edilən qurumların istifadəsində olan dövlət əmlakı Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməlidir.
Qeyd edək ki, palatanın Direktorlar Şurasının 5 üzvü olacaq. Palatanın Direktorlar Şurasının sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan prezidenti tərəfindən həyata keçirilir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar işçi qrupu yaradılıb.